
Ölkədə arxeoloji tədqiqatların başlıca icraçısı olan AMEA Arxeologiya və Antropologiya İnstitutu cari ildə aparılan elmi-tədqiqat işlərinin hesabatını 11 dekabr tarixində keçirilən Elmi şuranın iclasında təqdim edib. İclasda institutun Elmi şurasının üzvlərindən başqa AMEA Rəyasət Heyətinin nümayəndələri kimi akademik Nərgiz Axundova və fəlsəfə üzrə fəlsəfə doktoru Vüsal Zülfüqarov iştirak ediblər.
İclası giriş sözü ilə açan AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev bildirib ki, institut il ərzində elmi-tədqiqat planında nəzərdə tutulmuş istiqamətlər üzrə araşdırmalar aparıb və institutun fəaliyyəti dövlət orqanları və ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. Daha sonra institutun elmi katibi tarix üzrə fəlsəfə doktoru Ellada Bəkirova tərtib etdiyi vizual elektron təqdimatın müşayətilə iclas iştirakçılarını institutun illik fəaliyyəti ilə bağlı hesabatla tanış edib.
Çıxışda ilk olaraq Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin cari ildə verdiyi sərəncamların və Dövlət proqramlarının icrası ilə bağlı görülən işlər diqqətə çatdırılıb. Hesabat ilində institutda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında” 17 aprel 2024-cü il tarixli Sərəncamının icrası ilə bağlı olaraq 23 oktyabr 2024-cü il tarixində Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunması münasibətilə AMEA Arxeologiya və Antropologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşəbbüsü ilə “Şuşa və ətrafının arxeoloji tədqiqi” mövzusunda elmi sessiya keçirilib, Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar isə çoxlu sayda işlər icra olunub.
Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları 2024-cü ilin elmi-tədqiqat planına uyğun olaraq “Azərbaycanda arxeoloji və antropoloji tədqiqatlar” elmi istiqaməti üzrə “Azərbaycanın dövlətlərə və yazıya qədər arxeologiyası”, “Antik və ilk orta əsrlər dövründə Albaniyanın və Atropatenanın maddi mədəniyyəti”, “İslam dövrü arxeologiyası”,“Azərbaycanda antropoloji tədqiqatlar” adlanan 4 elmi problemi əhatə edən, 12 mövzu, 49 işdən ibarət tədqiqat aparıblar. Cari ildə 1 iş tamamilə başa çatıb, 34 işin bu il üçün nəzərdə tutulan hissəsi yerinə yetirilib, 14 işə isə 2025-ci ildən başlamaq qərara alınmışdır (Bütün işlərin başa çatma müddəti plana müvafiq olaraq 2025-ci ilin XII ayı nəzərdə tutulub).
Tədqiqat planına müvafiq işləri həyata keçirmək üçün 2024-cü ildə Arxeologiya və Antropologiya İnstitutu çöl tədqiqat işlərini davam etdirib, ölkəmizin bir sıra bölgələrinə arxeoloji və antropoloji ekspedisiyalar təşkil edilib. İl ərzində Şərur, Babək, Gədəbəy, Ağstafa, Qazax, Astara, Naftalan, Goranboy, Əsgəran, Qəbələ, Zəngilan, Ağdam, Siyəzən, Füzuli, Yardımlı, Cəlilabad, Abşeron, Xocavənd, Hadrut, Şəki və b. rayonlarda arxeoloji qazıntı işləri aparılıb ki, bunların xeyli hissəsi işğaldan azad olunmuş rayonların payına düşür və eyni zamanda tədqiqatların bir hissəsi institutun bağladığı beynəlxalq müqavilələrə əsasən müştərək beynəlxalq ekspedisiyalar tərəfindən – Azərbaycan – Almaniya (Xocavənd rayonu Azıx mağarası, Ağcabədi rayonu Canavartəpə abidəsi, Naxçıvan MR—da II Kültəpə abidəsi), Azərbaycan – İtaliya (Ağstafa rayonu Tavatəpə abidəsi), Azərbaycan-Koreya-İsveçrə (Füzuli rayonu Yedditəpə abidəsi), Azərbaycan-Koreya (Qəbələ şəhəri Səlbir ərazisi), Azərbaycan – Yaponiya (Xocavənd rayonu Tağlar mağarası), Azərbaycan – Qazaxıstan – Türkiyə (İmişli rayonu Yedditəpə abidəsi), Azərbaycan-ABŞ (Yardımlı rayonu Bilgə antik nekropolu) aparılıb. Aparılan bu tədqiqatlar zamanı Azərbaycan tarixinin müxtəlif dövrlərinə aid maraqlı, eyni zamanda yeni nəticələr əldə edilib.
Elmi tədqiqat planına müvafiq olaraq Paleolit dövrü tədqiqatları üzrə fəlsəfə doktoru Azad Zeynalov və tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədov Yaponiyanın Tokio Universitetinin professoru Yoşihiro Nişiaki ilə birgə işğaldan azad olunmuş Xocavənd rayonu ərazisində yerləşən Tağlar mağarasında, həmçinin Qazax və Ağstafa rayonlarında, Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində, Əjdər Babazadə isə, Almaniya TraCEr laboratoriya rəhbəri Dr. Joao Marreiros ilə birgə Azıx mağarasında tədqiqat aparıb. Bu tədqiqatlar nəticəsində ölkə ərazisində yeni 3 Paleolit düşərgəsi: Naxçıvan MR Culfa rayonun ərazisində Əlincəçay açıq tipli, “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində Candar gölü yaxınlığında şərti olaraq “Candar göl paleolit tapıntı yeri” adlandırılan yeni düşərgə və Qazax rayonu ərazisində I Yataq yeri adlı düşərgəsi qeydə alınıb. Həmçinin,nüfuzlu beynəlxalq elmi nəşriyyatda Damcılı mağarası ilə bağlı kollektiv monoqrafiya (“Damjili Cave: Investigating the Late Pleistocene to Holocene Human History in the Southern Caucasus” Oxford, 2024, 304 p.), Azərbaycan Respublikasının mədəniyyət nazirliyinin xətti ilə Azıx mağarası ilə bağlı kollektiv monoqrafiya (Azikh cave: the oldest prehistoric site in Azerbaijan. Baku, 2024) nəşr olunub.
Hesabat ilində tarix elmləri doktoru, prof. Nəcəf Müseyibli, tarix üzrə fəlsəfə doktoru, dosent Xaqani Alməmmədov, tarix elmləri doktoru, dosent Vəfa Mahmudova Neolit və Xalkolit dövrü arxeologiyası üzrə tədqiqatlar aparmış, Nəcəf Müseyiblinin rəhbərlik etdiyi “Ağstafa” arxeoloji ekspedisiyası rayonun Xətai kəndi yaxınlığında yerləşən Çağrıtəpə Neolit dövrü yaşayış məskənində 2020-ci ildən başlanmış geniş arxeoloji qazıntı işlərini başa çatdırıb, Xaqani Alməmmədovun rəhbərlik etdiyi “Qarabağ neolit-xalkolit ekspedisiyası” Ağdam rayonu I Yüzbaşılı neolit dövrü yaşayış məskənində, Azərbaycan – Almaniya birgə ekspedisiya qrupu isə Ağcabədi rayonunun Taynaq kəndi ərazisində yerləşən Canavartəpə Xalkolit dövrü yaşayış məskənində qazıntı işləri aparıb. Bu tədqiqatların ən maraqlı nümunələrindən biri Cənubi Qafqazın həmdövr abidələri arasında ilk dəfə təsadüf olunan kretulalar (yazıyaqədərki inzibati sistemdə uçot və təsdiqləmənin təminatı üçün tətbiq olunur) hesab oluna bilər.
Qarabağın işğaldan azad olunmuş ərazilərində cari ildə tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev, tarix elmləri doktoru Zaur Həsənov, tarix üzrə fəlsəfə doktoru Pərviz Qasımov, tarix üzrə fəlsəfə doktoru, dosent Təvəkkül Əliyev, tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfov, tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Alışov, tarix üzrə fəlsəfə doktoru, dosent Taleh Əliyev tədqiqat aparıblar. Hesabat ilində Fərhad Quliyevin rəhbərliyi ilə başlanmış Pənahəli xan Saray və İmarət Kompleksində tədqiqat işləri tarix üzrə fəlsəfə doktoru Pərviz Qasımovun rəhbərliyi ilə yekunlaşdırılıb və kompleks istifadəyə verilib.
Zaur Həsənovun rəhbərlik etdiyi “Füzuli-Xocavənd dəmir dövrü arxeoloji ekspedisiyası” beynəlxalq çərçivəsində – Koreya və İsveçrəli alimlərlə birgə Füzuli rayonunun işğaldan azad olunmuş Mirzəcamallı və Merdinli kəndlərinin arasında yerləşən “Yedditəpə” kurqanlar abidəsində arxeoloji tədqiqatlar aparılıb və kurqan arxeologiyası, skif arxeologiyası istiqamətlərində maraqlı nəticələr əldə olunub. Tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfov isə Xocalı rayonunun Xocalı şəhəri yaxınlığındakı nekropolda arxeoloji tədqiqatlar aparıb və nekropolda 3 tarixi dövrə (tunc dövrünə aid kurqan tipli qəbir abidələri, orta əsrlərə aid (təxminən XIII-XVIII əsrlər) müsəlman qəbirləri və türbələr, müasir müsəlman qəbristanlığı) aid abidələr aşkar edib. İlkin hesablamalara əsasən nekropolda 1000-ə qədər müsəlman qəbrinin aşkar edilməsi gözləniləndir.
Tarix üzrə fəlsəfə doktoru, dosent Təvəkkül Əliyev hesabat ilində cari ilin II yarısında Azərbaycan Turizm Agentliyi ilə AMEA Arxeologiya və Antropologiya İnstitutu arasındakı razılaşma əsasında yaradılan “Şahbulaq arxeoloji ekspedisiyası”na rəhbərlik edib. O, həmçinin, ekspedisiyanın tərkibində olan Şahbulaq II dəstəsinin rəhbəri olan tarix üzrə fəlsəfə doktoru, dosent Taleh Əliyev Şahbulaq qalası və məscidi ətrafında arxeoloji qazıntı işləri aparıblar. İlkin araşdırmalar zamanı “Şahbulaq abidələr kompleksi” abidələrin dövrü və lokallaşdığı ərazilərə görə, şərti olaraq beş tədqiqat zonasına: Şahbulaq-1 – Antik istehkam; Şahbulaq-2 – Qərb yaşayış məhəlləsi; Şahbulaq-3 – Antik və Orta əsr məhəlləsi; Şahbulaq-4 – alban xristian məbəd kompleksi; Şahbulaq-5 – Şahbulaq qalası, məscidi, bulağı – Orta əsrlər və Xanlıq dövrünə aid məhəllə hissələrinə bölünüb. Cari ildə tədqiq olunan kvadratlarda XI-XIII əsrin əvvəllərinə aid üst mədəni qat (təxminən 0,5 m qalınlığında) açılıb.
Tarix üzrə fəlsəfə doktoru, dosent Akif Quliyevin rəhbərliyi ilə Qarabağ xanlığının şərq qapısı olan Əsgəran qalasında (Əsgəran səddi) tədqiqatlar aparılaraq qalanın içərisində tikili qalıqları, su xətləri aşkar olunub. Tarix elmləri doktoru, professor Arif Məmmədov tərəfindən isə, Azərbaycanın işğaldan azad olunmuş Zəngilan rayonunun Şərifan kəndi yaxınlığında olan və mənbələrdə Şəhri-Şərifan adı ilə xatırlanan orta əsr yaşayış yerində qazıntı işləri aparılıb, abidəyə daxil olan tikililərdən birinin üst hissəsində ərəb qrafikalı tək sətirli yazı müəyyən edilib.
İşğaldan azad olunmuş ərazilərdə tədqiqatların bir qolunu da alban xristian abidələri üzrə tədqiqatlar təşkil edib. Bu istiqamətdə tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Alışov “Tuğ Dövlət Tarix-Memarlıq və Təbiət qoruğu (Xocavənd rayonu Tuğ kəndi) ərazisində Qafqaz Albaniyası dövrünə aid olan Məlik saray kompleksləri, Tuğ kənd müsəlman qəbirstanlığında yerləşən Mir Mehdi Xəzani türbəsində, alban xristian abidələrində və onun ətrafında salınmış nekropollarda və Xocavənd rayonunun ətraf kəndlərindəki tarixi məkanlarda, Xocavənd rayonu Hadrut qəsəbəsi və ona bitişik olan Çinarlı, Dağdöşü, Edişə, Tağaser və Qırmızıqaya kəndlərində yerləşən Alban xristian irsi və abidələrində apardığı arxeoloji qazıntı və çöl-tədqiqat işləri aparıb.
Cari ildə Naxçıvan arxeoloji abidələrində tədqiqatlar mövzusu üzrə tarix üzrə fəlsəfə doktoru, dosent Bəhlul İbrahimli, tarix üzrə fəlsəfə doktoru, dosent Səfər Aşurov, tarix üzrə fəlsəfə doktoru, dosent Qəhrəman Ağayev, tarix üzrə fəlsəfə doktoru, dosent Əkbər Bədəlov tədqiqat aparıblar. AMEA Arxeologiya və Antropologiya İnstitutunun Xaraba Gilan arxeoloji ekspedisiyası Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” haqqında 5 iyun 2023-cü il (3910 saylı) Sərəncamı əsasında hazırlanan mədəni inkişaf tədbirləri çərçivəsində Ordubad rayonu ərazisində yerləşən Xaraba Gilan şəhər yeri abidələrində xilasetmə-tədqiqat işləri aparıb. Konservasiya və bərpa işləri aparılacaq abidələrin siyahısına Tunc dövrü nekropolları və yaşayış yerləri, Erkən Dəmir dövrü şəhər yeri və nekropolları, İlk Orta əsrlər dövrünə aid qala və Xaraba Gilan şəhər yerindəki karvansara, XI-XIII əsrə aid türbələr və I məhəllədəki qazıntı sahələri daxildir. Ekspedisiya qrupu Muncuqlutəpə nekropolunda (sahəsi 2380 kv.m), Xaraba Gilan şəhər yerinin şimal qərbində yerləşən Mərdangölü nekropolunda (sahəsi 1160 kv.m) və Xarabagilan şəhər yerində II Memorial kompleksdə xilasetmə və tədqiqat işləri aparıb. Buradan tapılan ən maraqlı tapıntılardan biri XIII əsrin sonu-XIV əsrin əvvəllərinə aid türbədə aşkar edilmiş, üzəri dekorativ təsvirlər olan taxta qapı hesab ouna bilər.
Tarix üzrə fəlsəfə doktoru, dosent Səfər Aşurovun rəhbərlik etdiyi Azərbaycan – Almaniya birgə ekspedisiyası isə Naxçıvan MR Babək rayonunun Didivar kəndinin qurtaracağında, Cəhriçay və Naxçıvançayın kəsişdiyi ərazidə yerləşən II Kültəpə qədim yaşayış yerində arxeoloji qazıntılar aparıb. Qazıntı mövsümü Azərbaycanın tunc dövrü arxeologiyası istiqamətində çox maraqlı tapıntılarla yadda qalıb. Belə ki, 200 kv.m. sahədə başlanan qazıntıların məqsədi Tunc dövrü üçün müəyyən edilmiş arxeoloji mədəniyyətlərin – Kür – Araz, Boyalı qablar və Xocalı-Gədəbəy mədəniyyətləri arasında varislik əlaqəsinin öyrənilməsi olub. Bu ilki qazıntılarda ən yadda qalan tapıntı ayaqqabı formalı piydan hissəsi olmuşdur ki, bu tip tapıntı Azərbaycanın Orta tunc dövrü abidələrindən ilk dəfə tapılır.
Cari ildə tarix üzrə fəlsəfə dokoru Əkbər Bədəlov Meydantəpə abidəsində, tarix üzrə fəlsəfə doktoru Qəhrəman Ağayev isə Kəngərli rayonunda yerləşən Şahtaxtı abidəsində tədqiqat aparıblar.
Tunc dövrü ilə bağlı tədqiqatlar ölkənin digər bölgələrində tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilovun rəhbərliyi ilə İtaliyanın Florensiya şəhərində yerləşən Aralıq Dənizi və Yaxın Şərqdə Arxeoloji Tədqiqatlar Mərkəzi (CAMNES) və Kataniya Universiteti ilə birgə Ağstafa rayonu ərazisində Tava təpə son tunc-ilk dəmir dövrü yaşayış yerində və Candargöl ətrafında yerləşən Tunc dövrü kurqanlarında, tarix üzrə fəlsəfə doktoru, dosent Səfər Aşurov tərəfindən Şabran rayonunun Aygünlü kəndi ərazisində qeydə alınmış II Çaqqallıtəpədə, tarix üzrə fəlsəfə doktoru Müzəffər Hüseynov tərəfindən Goranboy rayonu ərazisində yerləşən Qaraçinar abidəsində, tarix üzrə fəlsəfə doktoru Tükəzban Alıyeva tərəfindən Gədəbəy rayonunun Daryurd kəndi ərazisində yerləşən arxeoloji abidələr kompleksində aparılıb. Bu tədqiqatların ən maraqlı nəticələrindən biri Tavatəpədə aşkar olunan qədim ibadətgah hesab oluna bilər ki, öz forma və ölçülərinə görə Azərbaycan əraazisində tapılmış ən maraqlı abidələrdən biridir.
Dəmir dövrü abidələrinin tədqiqi işğaldan azad olunmuş ərazilərdən başqa İmişli, Ağstafa, Şəmkir, Naftalan rayonları ərazisində aparılıb. Tarix elmləri doktoru Zaur Həsənovun Azərbaycan tərəfindən ekspedisiya rəhbəri olduğu “Azərbaycan–Qazaxıstan–Türkiyə beynəlxalq dəmir dövrü arxeoloji ekspedisiyası” İmişli rayonunun Qizilkənd ərazisində yerləşən Yedditəpə kurqanalar abidəsində, tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfov Ağstafa rayonu ərazisindəki Ceyrançöl düzənliyinin qoruq ərazisinə düşən Karvan dərəsi adlanan sahəsində, tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminlinin rəhbərliyi altında Şəmkir Qaracəmirli və ətrafı Azərbaycan-Almaniya Beynəlxalq Ekspedisiyası Qurbantəpə abidəsində, tarix üzrə fəlsəfə doktoru Müzəffər Hüseynov Naftalan şəhəri ərazisində Qalaboynu yaşayış yerində arxeoloji tədqiqatlar aparıb.
Alban irsinin tədqiqi istiqaməti üzrə arxeoloji qazıntılar Vüsal Həsənovun rəhbərliyi ilə Azərbaycan-Koreya birgə arxeoloji ekspedisiyası tərəfindən Səlbir antik və ilk orta əsr yaşayış yerinin şimal-qərb və cənub-qərb hissəsində, tarix üzrə fələsəfə doktoru, dosent Natiq Alışovun rəhbərliyi ilə Qəbələnin Böyük əmili kəndi ərazisində yerləşən Kilsədağ məbəd kompleksində aparılıb.
Atropatenanın maddi mədəniyyəti mövzusu üzrə tədqiqatlar sırasında tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminlinin rəhbərliyi altında Azərbaycan-Amerika Beynəlxalq Arxeoloji Ekspedisiyası tərəfindən Yardımlı rayonu ərazisində arxeoloji tədqiqatlar aparılıb. Tədqiqatlar Yardımlı rayonu Urakəran kəndi ərazisində Bilgəh nekropolu, Urakəran kəndi ərazisində Antik dövrə aid yaşayış yeri (“Seyidin yeri”), Gilar kəndi ərazisində antik dövr qəbirləri və tikili qalıqları aşkar edilib ki, bu tədqiqatlar Atropatena dövlətinin öyrənilməsi üçün xüsusi əhəmiyyət kəsb edir.
İnstitutun yeni mövzularından biri olan İslam dövrü arxeologiyası mövzusu üzrə isə cari ildə tarix üzrə fəlsəfə doktoru, dosent Səfər Aşurov və Sevinc Hüseynovanın rəhbərliyi altında Dövlət Turizm Agentliyinin maliyyə dəstəyi ilə Beşbarmaq Dağı Tarix, Mədəniyyət və Təbiət qoruğu ərazisində, tarix üzrə fəlsəfə doktoru, dosent İdris Əliyevin başçılıq etdiyi “Abşeron arxeoloji ekspedisiyası” Ramana qalasında, tarix elmləri doktoru, professor Qafar Cəbiyevin rəhbərliyi ilə Yasamal rayonu, Zərgərpalan küçəsi 84 ünvanda yerləşən “Zərgərpalan” hamam kompleksində qazıntılar aparılıb.
Azərbaycanın orta əsr şəhər yerləri mövzusu üzrə isə cari ildə tarix elmləri doktoru, professor Tarix Dostiyevin rəhbərliyi ilə “Şəmkir arxeoloji ekspedisiyası” orta əsr Şəmkir şəhərinin narınqalasında, IV qazıntı sahəsində, 2000 kv.m-dən artıq sahəyə malik monumental binanın cənub-qərb sektorunda, tarix üzrə fəlsəfə doktoru, dosent Mikayıl Mustafayevin rəhbərliyi ilə Astara rayonu Alaşa kəndində yerləşən Əlişa qalasında arxeoloji qazıntı işləri aparıb.
Həmçinin, cari ildə institutda struktur islahatları ilə Məhkəmə arxeologiyası və Xəzər arxeologiyası şöbələri yaradılıb və bu istiqamətlərdə yeni tədqiqatlar aparılıb. Belə ki, Məhkəmə arxeologiyasının əməkdaşları tarix üzrə fəlsəfə doktoru, dosent Akif Quliyevin rəhbərliyi ilə Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə birgə işğaldan azad olunmuş bölgələrdə I və II Qarabağ müharibəsinin qurbanlarının axtarışları və tapılan cəsədlərin identifikasiyası prosesində fəal iştirak edib, bu məsələ ilə bağlı müxtəlif beynəlxalq təlimlərdə olublar. Qeyd edilib ki, Institutun 2 nəfər əməkdaşı məhz məhkəmə arxeologiyası və antropologiyası üzrə təhsil almaq üçün Ankara Universiteti ilə imzalanmış müqavilə əsasında Türkiyəyə doktorantura təhsili almaq üçün göndərilib.
Xəzər arxeologiyası mövzusu üzrə isə cari ildə ilk dəfə olaraq sualtı arxeologiya üzrə ekspedisiya təşkil edilib və Xəzərsahili ətraf ərazilərdə kəşfiyyat işləri aparılıb.
İnstitutun Numizmatika və epiqrafika tədqiqatları mövzusu üzrə isə cari ildə tarix üzrə fəlsəfə doktoru, dosent Taleh Əliyevin rəhbərlik etdiyi Şahbulaq II dəstəsi Beşikdağ alban məbədinə və Xaçın Dərbətli türbəsində keşfiyyat işləri aparıb, həmçinin, şöbə əməkdaşı fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev Ağdam rayonundakı İmarət kompleksinin tarixi qəbiristanlığında yerləşən məzar daşlarının oxunmasında, eyni zamanda Şuşada yerləşən Yuxarı və Aşağı Gövhər Ağa məscidlərinin kitabələrinin oxunamasında iştirak edib.
Hesabatda o da qeyd olunub ki, Azərbaycanda antropoloji tədqiqatlar genişləndirilib və institutun strukturunda Fiziki antropologiya laboratoriyası yaradılıb. Laboratoriyanın əməkdaşları il ərzində müxtəlif ölkələrdə keçirilən elmi təcrübə proqramlarında iştirak ediblər. Sosial antropoloji tədqiqatlarla məşğul olan antropologiya elmləri doktoru, professor Əliağa Məmmədli, tarix elmləri doktoru, professor Fəzail Vəliyev və tarix elmləri doktoru Məhəbbət Paşayevanın rəhbərliyi ilə hesabat ili ərzində müxtəlif bölgələrə antropoloji ekspedisiyalar təşkil edilib.
Beynəlxalq əlaqələr və qrantlar haqqında məlumat verən Ellada Bəkirova bildirib ki, institut cari ildə beynəlxalq əlaqələrini bir qədər də genişləndirib. Belə ki, 31 May 2024-cü il tarixində Arxeologiya və Antropologiya İnstitutu və Julius Maximilians Universiteti arasında Arxeologiya sahəsi üzrə Müştərək Tədqiqatlar və Təhsil Əməkdaşlığı haqqqında Anlaşma Memorandumu, 06 İyun 2024-cü il tarixində Johang Volfgang Goethe Universitetinin Yaxın Şərq Arxeologiyası Elmləri şobəsi (Frankfurt, Almaniya) arasında Arxeologiya sahəsi üzrə Müştərək Tədqiqatlar və Təhsil Əməkdaşlığı haqqqında Anlaşma Memorandumu, 12 İyun 2024-cü il tarixində Hamilton Kolleci (Nyu – York, ABŞ) arasında “Cənub-Şərq dağlıq ərazilərinin arxeoloji tədqiqi layihəsi” çərçivəsində Arxeologiya sahəsi üzrə Müştərək Tədqiqatlar və Təhsil Əməkdaşlığı haqqqında Anlaşma Memorandumu, 04 Oktyabr 2024-cü il tarixində Qazaxıstan Respublikası Elm və Ali Təhsil Nazirliyinin Elm Komitəsinin Respublika Dövlət müəssisəsi olan A.X.Marqulan ad. Arxeologiya İnstitutu (Margulan Institute of Archaeology) arasında arxeologiya sahəsi üzrə birgə tədqiqat və təhsil əməkdaşlığı haqqında Anlaşma Memorandumu, həmçinin, 02 Oktyabr 2024-cü il tarixində Yaponiyanın Teikyo Universitetinin Mədəni İrs Tədqiqat İnstitutu (Tokio şəhəri) (Teikyo University National Research Institute for Cultural Properties) arasında arxeologiya və arxeometriya sahəsində birgə tədqiqat və təhsil əməkdaşlığı haqqında anlaşma memorandumu imzalanıb.
Elmi katib tarix üzrə fəlsəfə doktoru, dosent E.A.Bəkirova institutun nəşriyyat fəaliyyəti ilə bağlı qeyd edib ki, hesabat ilində 11 kitab (onlardan 2-si xaricdə olmaqla) çap olunub, 9 kitab isə çapa hazırlanıb. Bundan əlavə institut əməkdaşlarının nüfuzlu elmi jurnallarda 60-a yaxın məqaləsi (o cümlədən, 29 – xaricdə, onlardan, SCOPUS (17), ULAKBİM (3) və digər impakt faktorlu jurnalda) dərc olunub.
Keçirilmiş elmi konfranslar, seminarlar, sessiyalar haqqında məlumat verərək məruzəçi bildirib ki, 2024-cü ildə institut tərəfindən 4 beynəlxalq elmi konfrans, 1 beynəlxalq elmi toplantı, 1 elmi sessiya, 5 elmi seminar, 8 dəyirmi masa, 9 elmi şura keçirilib. Beynəlxalq miqyaslı konfranslar içində 22-24 may 2024-cü il tarixlərində Dövlət Turizm Agentliyi və AMEA Arxeologiya və Antropologiya İnstitutu birgə Atəşgah məbədində keçirilən “Arxeoloji turizm və dayanıqlı idarəetmə” mövzusunda beynəlxalq konfransı xüsusi qeyd etmək lazımdır ki, 3 gün davam edən konfrans zamanı ABŞ, Almaniya, Türkiyə, İtaliya və b. ölkələrdən qatılan tədqiqatçıların məruzələri dinlənilib, fikir mübadiləsi aparılıb. Həmçinin, cari ildə 20 iyun 2024-cü il tarixində KAREC, SEBA, AMEA Arxeologiya və Antropologiya İnstitutu və Azərbaycan Respulikasında Koreya Respublikasının Səfirliyinin dəstəyi ilə “Arxeologiya sahəsində Azərbaycan-Koreya Elmi Əməkdaşlığı” mövzusu üzrə Beynəlxalq Konfrans, 14-18 sentyabr 2024-cü il tarixlərində isə Türk Akademiyası, Türk Dövlətləri Birliyi və Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə Türk Dünyası Tədqiqat İnstitutları və Arxeologiya Mərkəzləri Birliyinin (ARICA) Şuşa şəhərində Birinci Toplantısı keçirilib. ARİCA-nın Şuşa toplantısında Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Macarıstan, Özbəkstan və o cümlədən, Qaraqalpaq muxtariyyətindən, Tatarıstanın (Rusiya Federasiyası) tanınmış elmi-tədqiqat mərkəzlərinin 19 nümayəndəsi iştirak edib.
Hesabat təqdimatında qeyd edilib ki, institutun əməkdaşları Türkiyə, Qazaxıstan, Özbəkistan, Rusiya, İspaniya, Yaponiyada keçirilən konfranslarda çıxış ediblər, 80-dən çox məruzə çap olunub.
Daha sonra məruzə ətrafında müzakirələr davam etdirilib. İclas iştirakçıları hesabat məruzəsinin yüksək səviyyədə informativliyini qeyd edərək institutun il ərzində gördüyü işləri yüksək qiymətləndiriblər. İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova çıxış edərək, Arxeologiya və Antropologiya İnstitutunun illik fəaliyyətini təqdirəlayiq olduğunu bildirərək, hesabatda əməkdaşların məhsuldar fəaliyətinin əks olunduğunu qeyd edib. Müzakirələr bitdikdən sonra təqdim edilmiş hesabat səsverməyə qoyulub və yekdilliklə qənaətbəxş qiymətləndirilib.