AMEA Arxeologiya və Antropologiya İnstitutunda 2024-cü il ərzində arxeoloji çöl tədqiqatlarında və institutun ictimai həyatında fəallığı ilə seçilmiş bir qrup gənc mükafatlandırılıb. Tədbiri açan institutun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev bildirib ki, institut rəhbərliyinin əsas fəaliyyət prioritetlərindən biri Azərbaycanda arxeologiya və antropologiya sahəsinə gənc nəsil nümayəndələrinin cəlb edilməsi, elmi biliklərin və təcrübənin artırılması üçün çöl-tədqiqatlarında onların iştirakının təmini və eyni zamanda institutun ictimai həyatında onların fəallığı üçün şəraitin yaradılmasıdır. Bu baxımdan, gənclərin elmi-tədqiqat işlərində və ictimai həyatda fəallığının layiqincə qiymətləndirilməsi və mükafatlandırılması əsas stimullardan biridir. Cari ildə institutun gənc əməkdaşlarının bir hissəsi aparılan çöl tədqiqatlarında xüsusi fərqlənib, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur ərazilərində fəaliyyət göstərən elmi ekspedisiyaların tərkibində fədakarlıq nümayiş etdirib, Naxçıvan MR da daxil olmaqla ölkəmizin bir çox bölgələrində təşkil edilmiş beynəlxalq tərkibli arxeoloji qazıntılarda aktiv iştirak ediblər. Növbəti illərdə gənclərin institutun elmi tədqiqatlarında və ictimai həyatında aktiv iştirakının artacağına ümidvar olduğunu bildirən F.Quliyev onlara inandığını və həmişə dəstək olacağını ifadə edib.

Tədbirdə qeyd edilib ki, ilin nəticələri ilə əlaqədar elmi tədqiqat və ictimai fəaliyyət sahəsində fərqlənmiş gənclərə təşəkkürnamələrlə yanaşı institutun büdcədən kənar vəsaiti hesabına pul mükafatları da təqdim edilib. İnstitut rəhbərliyi müəssisənin imkanları hesabına qarşıdakı illərdə fərqlənmiş gənc əməkdaşların mükafatlandırılması işinin davam etdirilməsini, həmçinin, onların xarici ölkələrdə keçirilən beynəlxalq elmi konfranslarda və elmi təkmilləşmə proqramlarında iştirakının maliyyələşdirilməsini nəzərdə tutub.

Sonda 2024-cü il ərzində arxeoloji çöl tədqiqatlarında xüsusi fəqlənmiş Abdulla Bəkir oğlu Abdullayev, Elxan Əhməd oğlu Qəhrəmanlı, Günay Vahid qızı Bayramova, Lola Əkbər qızı Hüseynova, Mircavid Elşad oğlu Ağalarov, Nərmin  Şamil qızı Bayramova, Nərmin Mirzə  qızı Məmmədli, Ülviyyə Rəfail qızı Səfərova, Vüsalə Fazil qızı Beydullazadə, Lamiyə Rüfət qızı Həbibova, Aliyə Rzaqulu qızı Adgözəlova, Arif Akif oğlu Quliyev, Fəqan Vaqif oğlu Yaqubov, Fidan Azad qızı Xələfova Əliyevaya, həmçinin institutun ictimai həyatında fəallığı ilə seçilmiş Fəridə Fazil qızı Yusifli, Fidan Hümbət qızı Bayramova, Gülarə İslam qızı Əliyeva, Günel Ramin qızı Vəliyeva, Xanım Saleh qızı Həsənli, Leyla Nazim qızı Həsənova, Məhiyəddin Həsən oğlu Seyidov, Aysel Nurəddin qızı Əliyevaya  təşəkkürnamələr təqdim edilib.