AMEA Arxeologiya və Antropologiya İnstitutunda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə birgə çalışan Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əməkdaşları ilə görüş keçirilib. Görüşü giriş sözü ilə açan İnstitutun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev bildirmişdir ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində itkin düşmüş insanların axtarışı, tapılmış insan qalıqlarının ekshumasiyası və sonrakı identifikasiyası sahəsində birgə əməkdaşlıq fəaliyyəti hümanizmin təzahürü, ədalətin bərpa olunması və Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması baxımından təqdir edilməlidir. Eyni zamanda bu istiqamətdə əməkdaşlıq Azərbaycanda Məhkəmə arxeologiyasının formalaşması və bu sahədə çalışan gənc arxeoloq və antropoloqların ixtisaslaşması üçün geniş imkanlar açmışdır. BQXK-nın əməkdaşı Uyum Vehit və Natnipoon Rattanarungruang vaxtilə işğal altında olmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının müxtəlif məntəqələrində AMEA Arxeologiya və Antropologiya İnstitutun mütəxəssisləri ilə əməkdaşlıqdan məmnunluqlarını bildiriblər. BQXK-nın əməkdaşları AMEA Arxeologiya və Antropologiya İnstitutuna elmi metodiki vəsaitlər (hər bir antropoloqun stolüstü kitabı olan son redaktədə insan anatomiyası barədə atlaslar) və çöl tədqiqat işləri üçün lazım olan texniki vasitələri (su keçirməyən miqyas xətkeşləri, isti və soyuq mövsümlər üçün yataq kisələri, yük daşıma çantaları) hədiyyə etdilər. Görüşdə qarşılıqlı əməkdaşlıq barədə planlar da müzakirə olundu.

Tədbirdə həmçinin, BQXK-nın əməkdaşı Nərmin Mirzəyeva və AMEA Arxeologiya və Antropologiya İnstitutunun “Məhkəmə arxeologiyası” şöbəsinin müdiri t.ü.f.d., dosent Akif Quliyev iştirak edirdilər.