Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutunun direktoru ilə görüş keçirildi

AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutunun (the International Institute for Central Asian Studies / IICAS) direktoru Evren Rutbili qəbul etmişdir.
Fərhad Quliyev qonağı salamlayaraq bildirmişdir ki, rəhbərlik etdiyi institutun Mərkəzi Asiya və ümumilikdə Türk Dünyası elmi mərkəzləri, o cümlədən, IICAS ilə əməkdaşlığının tarixi vardır. İnstitut əməkdaşları türk respublikalarında keçirilən elmi konfrans və simpoziumlarda, birgə arxeoloji tədqiqatlarda iştirak etmişlər. Cari ilin sentyabr ayında Türk Akademiyası və AMEA Arxeologiya və Antropologiya İnstitutu və Türk Dövlətləri Birliyinin birgə təşkilatçılığı ilə Türk Dünyası Tədqiqat İnstitutları və Arxeologiya Mərkəzləri Birliyinin (ARICA) Birinci Toplantısı Şuşa şəhərində keçirildi. IIKAS-ın keçmiş direktoru, hal-hazırda Türk Akademiyasının prezidenti Prof. Dr. Şahin Mustafayevlə birgə irəli sürülmüş təşəbbüsə əsaslanaraq İnstitut qarşıdakı illərdə müştərək tədqiqatları aparmağı planlaşdırır. Eyni zamanda bir sıra türk respublikalarının arxeoloji tədqiqat mərkəzləri ilə əməkdaşlıq memorandumu imzalanmışdır. Bu kontekstdə Fərhad Quliyev belə bir təklif irəli sürdü ki, qarşıdakı illərdə Türk-İslam arxeologiyası istiqaməti üzrə IICAS ilə əməkdaşlıq gündəmə çıxarıla bilər.
IICAS direktoru Evren Rutbil AMEA Arxeologiya və Antropologiya İnstitutunun apardığı elmi-tədqiqat işlərinin müstəqil və muxtar türk respublikaların elmi çevrələrində məlum olduğunu vurğuladı. E.Rutbil IICAS-ın türk respublikalarının elmi müəssisələri ilə birgə qrant layihələrini də maliyyələşdirdiyini bildirmiş, elmi müəssisə və fərdi olaraq IIKAS-a qrant layihəsinin təqdimatının mümkünlüyü barədə məlumat verdi. Eyni zamanda IIKAS arxeoloji texnologiya üzrə gənc alimlərin ixtisaslaşmasının təşkili istiqamətində də imkanlara sahib olduğunu qeyd etdi.
Görüşdə yaxın gələcəkdə AMEA Arxeologiya və Antropologiya İnstitutu ilə IIKAS arasında əməkdaşlığın gücləndirilməsi, birgə layihələrin icrası barədə yekdil razılıq bildirildi.
Tədbirdə həmçinin, AMEA Arxeologiya və Antropologiya İnstitutunun Elmi katibi, t.ü.f.d., dosent Ellada Bəkirova, İnstitutun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Şahin Səlimbəyov, AMEA Şərqşünaslıq İnstitutunun şöbə müdiri, t.ü.f.d. Fərda Əsədov iştirak edirdilər.