AMEA Arxeologiya və Antropologiya İnstitutunda paleogenetik tədqiqat layihəsinin ilkin mərhələsinin yekunlarına həsr edilmiş hesabat təqdimatı keçirildi.

Tədbiri giriş sözü ilə açan  İnstitutun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev bildirdi ki, İnstitutun əsas fəaliyyət prioritetlərindən biri aparılan tədqiqatların metodikasının və istiqamətlərinin müasir dünya standartlarına cavab verən prinsiplər üzrə qurulmasıdır. “Gerçəkləşməsi vacib olan tədqiqat sahələrindən biri Azərbaycan ərazisində yaşamış qədim insan populyasiyalarının genetik xüsusiyyətlərinin araşdırılmasıdır. Bu sahə üzrə indiyədək mütəxəssislərin olmaması, laborator analizlərin aparılması prosesindən İnstitutun və bütünlükdə Azərbaycan elminin kənarda qalması müxtəlif yönlü problemlər doğurmaqda idi. Bununla əlaqədar olaraq ilkin mərhələdə respublikanın müxtəlif ərazilərində aşkar edilmiş və müxtəlif tarixi dövrlərə aid insan qalıqlarından seçmələr genetik analizlərə cəlb edildi. Digər tərəfdən, İnstitut Azərbaycan Elm Fondunun ayırdığı qrant əsasında, Hacettepe Universitetinin (Türkiyə Cümhuriyyəti) Antropoloji bölümünün dəstəyi ilə xüsusi elmi-tədqiqat layihəsi gerçəkləşdirməyə başladı. Layihəyə əsasən arxeoloji qazıntılar zamanı aşkar edilən insan qalıqlarının bioarxeoloji tədqiqi və Arxeologiya və Antropologiya İnstitutu ilə BDU-nun  bazalarında müştərək Bioloji antropologiya laboratoriyasının təşkili nəzərdə tutulub. Bu günlərdə Hacettepe Universitetində keçirilmiş müzakirələrdə artıq nəzərdə tutduğumuz istiqamətlər üzrə ilk uğurlu nəticələr əldə edilib.” – deyə Fərhad Quliyev bildirdi.

Onu da qeyd edək ki, Arxeologiya və Antropologiya İnstitutu ilə Azərbaycan Elm Fondunun rəhbərliyi arasında görüş keçirilərək layihənin gerçəkləşməsi və gedişatı ilə əlaqədar məsələlər müzakirə olunub.

Daha sonra Hacettepe Universitetinin Antropoloji bölümünün rəhbəri, antropologiya professoru, doktor Yılmaz Selim Erdal “Anadolu-Qafqaz əlaqələri: Paleogenetik bir çalışma” adlı təqdimatı nümayiş etdirdi. Müəllifləri paleogenetiklər  Y.S. Erdal və Füsün Özer olan təqdimatda Cənubi Qafqazda neolit dövründən orta əsrlərə qədər insan genetikasının dinamik mənzərəsi tədbir iştirakçılarının diqqətinə çatdırıldı. Azərbaycan arxeoloqlarının apardıqları tədqiqatlardan alınmış nümunələrin analizi genetik axınların vektorunun müxtəlifliyini, yazılı mənbələrdə və arxeoloji qazıntılarda az əks olunan və hətta indiyədək qeyd edilməyən ekoloji və sosial prosesləri göstərməkdədir. Professor Yılmaz Selim Erdal bildirdi ki, bu sahə üzrə qarşılıqlı əməkdaşlıq Azərbaycanı arxeoloji və paleogenetik tədqiqatlar üzrə bölgənin aparıcı mərkəzinə çevirə bilər.