
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunda 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilib.
Tədbirdə iştirak edən İnstitut əməkdaşları dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Tədbiri giriş sözü ilə açan İnstitutun direktoru, t.ü.f.d., dosent Fərhad Quliyev bildirdi ki, 35 il öncə, 1990-cı ilin yanvarında Azərbaycan xalqı işğalçı sovet ordusunun qarşısına əliyalın çıxaraq öz milli iradəsini, azadlıq və müstəqillik uğrunda birliyini bütün dünyaya nümayiş etdirdi. Bu tarixi hadisə Azərbaycanın mübarizə ruhunun, xalqın öz haqlarını qorumaq üçün göstərdiyi cəsarətin bariz nümunəsinə çevrildi. Həmin dövrdə Moskvada yaşayan Ümummilli Liderimiz Heydər Əliyev xalqımızın hüquqlarını müdafiə etmək üçün böyük təhlükələrə rəğmən Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək burada keçirdiyi mətbuat konfransı vasitəsilə Qorbaçov rejiminin törətdiyi bəşəri cinayəti sərt şəkildə qınadı və bu qanlı hadisəyə qarşı öz etirazını açıq şəkildə ifadə etdi. Bu addım xalqımızın haqq səsinin beynəlxalq arenada eşidilməsi üçün mühüm bir hadisə oldu.
Həmçinin, Fərhad Quliyev vurğuladı ki, siyasi hakimiyyətə qayıdışından sonra məhz, Ümummilli Lider 1990-cı ilin 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilməsinə nail oldu.
Daha sonra söz alan t.e.d., professor Hidayət Cəfərov 20 Yanvar hadisələrinə aparıb çıxarmış siyasi hadisələrdən söz açdı və Azərbaycan xalqına qarşı törədilmiş qırğında o zamankı SSRİ rəhbəri M.Qorbaçovun və əlaltılarının, həmçinin, xaricdən və Kremldən dəstəklənən erməni terrorizminin əsas səbəbkar olduğunu bildirdi.
Tarix elmləri doktoru, dosent Vəfa Mahmudova canlı şahidi olduğu 20 Yanvar hadisələri barədə xatirələrindən söz açdı. O, qeyd etdi ki, sovet rəhbərliyi tam hərbi təlim keçmiş, peşəkar hərbçilərdən ibarət qüvvələri ədalət və haqq tələbi ilə meydanlara çıxmış dinc və əliyalın Azərbaycan xalqının üzərinə yollamışdı. Buna baxmayaraq xalqımız həmin faciəli və şanlı gündə qəhrəmanlıq nümunəsi sərgilədi.
Tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadə çıxışında 20 Yanvar hadisələri zamanı Azərbaycanın bölgələrində də Vətən övladlarının fədakar qəhramanlığı mövzusuna toxundu. O, Neftçalada, daha sonra Lənkəranda da Azərbaycan xalqının azadlığı uğrunda canından keçmiş şəhidlərin göstərdiyi qəhrəmanlığlar haqqında söz açdı.
Tədbir iştirakçıları bir daha xüsusi olaraq vurğuladılar ki, 20 Yanvar xalqımızın öz azadlığı uğrunda mübarizə tarixinin şərəfli bir səhifəsidir.