AMEA Arxeologiya və Antropologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının növbəti iclası keçirildi. İclası giriş sözü ilə açan AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru, Almaniya Arxeologiya İnstitutunun müxbir üzvü, t.ü.f.d., dosent Fərhad Quliyev bildirdi ki, İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyətini qənaətbəxş hesab etmək olar. Lakin, uğurlarla yanaşı problemlərin də olduğunu qeyd edən F.Quliyev gənc alimlərin İnstitutun ictimai həyatında rolunun artırılması, ümumilikdə sosiallaşması istiqaməti üzrə çox işlər görülməsinə ehtiyacın olduğunu vurğuladı.

AMEA Arxeologiya və Antropologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Nigar Mustafayeva çıxışnda bildirdi ki, sədrlik etdiyi təşkilat qısa zamanda mövcud imkanlar daxilində çox iş görmüşdür. İctimai aktivlik ilə yanaşı Şura üzvləri sosial şəbəkələrdə də fəallıq nümayiş etdirmişlər. Eyni zamanda N.Mustafayeva bildirdi ki, ailə vəziyyətilə əlaqədar sədrlik vəzifəsindən istefa vermək niyyətindədir.

İclas iştirakçıları İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədrliyi dövründə göstərdiyi fəaliyyətə görə N.Mustafayevaya minnətdarlıqlarını bildirdilər. Daha sonra şura sədri vəzifəsinə namizədlər irəli sürüldü. Çıxış edənlər şura üzvü Ağalarov Mircavid Elşad oğlunun namizədliyini sədr vəzifəsinə layiq gördülər. Keçirilmiş açıq səsvermənin nəticələrinə görə, AMEA Arxeologiya və Antropologiya İnstitutunun doktorantı, elmi işçisi Mircavid Elşad oğlu Ağalarov yekdilliklə İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri seçildi.