07 fevral 2025-ci il tarixində AMEA Arxeologiya və Antropologiya İnstitutunun Elmi Şurasının iclası keçirildi. İclası giriş sözü ilə açan AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru, Almaniya Arxeologiya İnstitutunun müxbir üzvü, t.ü.f.d., dosent Fərhad Quliyev gündəlik təsdiq edildikdən sonra Gənc Alim və Mütəxəssislər Şurasının rəhbərliyində baş vermiş dəyişiliklərdən danışdı. Gənc Alim və Mütəxəssislər Şurasının sədri Nigar Mustafayevanın ailə vəziyyəti ilə əlaqədar sədrlikdən istefa verdiyini və Prezident mükafatçısı Mircavid Ağalarovun institutun gənclərinin açıq səsverməsi yolu ilə yeni sədr seçildiyini Elmi Şura üzvlərinin diqqətinə çatdırdı. İnstitutun direktoru Gənc Alim və Mütəxəssislər Şurasının sədri olduğu müddətdə göstərdiyi fəaliyyətə görə, Nigar Mustafayevaya minnətdarlığını bildirdi və ona təşəkkürnamə təqdim etdi.
Daha sonra Fərhad Quliyev xatırlatdı ki, yanvarın 31-də Ölkə Başçısı, cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncama əsasən 2025-ci il Gənclər üçün Prezident mükafatlarına layiq görülmüş gənclər sırasında İnstitutun doktorantı və elmi əməkdaşı Mircavid Ağalarov da vardır. Prezident mükafatçısı Elmi Şura qarşısında çıxış edərək elmi fəaliyyəti barədə məlumat verdi.
Mircavid Ağalarova təqdim edilmiş və Ölkə Başçısı, cənab Prezident İlham Əliyevin şəxsi imzasının olduğu diplom Elmi Şura üzvlərinə nümayiş olundu. İnstitutun direktoru və Elmi Şura üzvləri Prezident mükafatçısı M.Ağalarovu təbrik edib, ona uğurlar arzuladılar. Daha sonra Elmi Şura üzvləri gündəlikdə nəzərdə tutulmuş məsələlərin müzakirəsinə başladılar.