Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun  “Arxeoloji irs” jurnalına 2025-ci ildə nəşrə təqdim olunan məqalələr aşağıda verilən qaydalar əsasında qəbul ediləcəkdir.

“Arxeoloji irs” jurnalına məqalələrin qəbulu

QAYDALARI

“Arxeoloji irs” jurnalı AMEA Arxeologiya və Antropologiya İnstitutunun ildə iki dəfə dərc olunan dövri nəşridir. Jurnalda nəşr olunan məqalələrin tədqiqat sahələri üzrə əhatə dairəsi, həcmi və daxili qaydaları İnstitutun Elmi şurasında qəbul edilir və Redaksiya Heyəti tərəfindən həyata keçirilir.

  1. Məqalələrin növləri və tədqiqat sahələri:

Jurnal, Arxeologiya, Antropologiya və bu elmlərlə bağlı elm sahələri, Epiqrafika, Numizmatika, Paleopatalogiya və Muzey tədqiqatları sahələri üzrə yeni araşdırmaların nəticələri olan tam həcmli məqalələri (20 səhifədən artıq olmamaq şərtilə), yeni unikal abidələrin və tapıntıların, onların elmi təhlilinin yer aldığı çöl-tədqiqat hesabatlarının xülasəsini, arxeologiya üzrə yeni elmi nəşrlərə rəyləri, keçirilmiş konfrans, simpozium və elmi seminarlar haqqında məlumatları nəşrə qəbul edir.

Başqa jurnal, toplu, konfrans materialları və s. nəşrlərdə çap olunmuş məqalələr qəbul edilmir.

Məqalələr Azərbaycan, türk, ingilis və rus dillərində yazıla bilər. Azərbaycan, türk və rus dillərində yazılan məqalələrə ingilis dilində, ingilis dilində yazılan məqalələrə isə Azərbaycan dilində, həcmi 350-500 sözdən ibarət  xülasə yazılmalıdır. Şəkillərin alt yazıları və açar sözlər məqalənin yazıldığı dildə və Azərbaycan dilində olmalıdır.

Jurnal, redaksiyaya təqdim olunan məqalələrin iki anonim ekspert tərəfindən qiymətləndirilməsini həyata keçirir və nəticə bir ay ərzində müəllifə bildirilir. Düzəlişlərdən sonra (əgər, varsa) məqalə Redaksiya Heyətində müzakirə edilir və müsbət qərar qəbul olunduqdan sonra nəşrə göndərilir.

Yeni unikal abidələrin və tapıntıların, onların elmi təhlilinin yer aldığı çöl-tədqiqat hesabatlarının xülasəsini, arxeologiya üzrə yeni elmi nəşrlərə rəyləri, keçirilmiş konfrans, simpozium və elmi seminarlar haqqında məlumatları əks etdirən qısa məqalələrə xülasə tələb olunmur.

Elmi tədqiqatların ilkin nəticələrini əks etdirən Şərhlər və Baş redaktora məktublar jurnalın son səhifələrində ayrıca başlıq altında verilir.

Öz sahəsində mühüm nailiyyətləri olan tədqiqatçılar tərəfindən təqdim olunmuş, elmi biliklərin sintezini, yeni anlayışları və konsepsiyaları əks etdirən icmallar nəşrə qəbul edilir.

  1. Məqalələrin formatı və quruluşu:
  2. Məqalənin göndərildiyi Fayl RTF formatında olmalıdır, faylın içindəkilər:
  3. a) məqalənin adı (Title):

– qısa, lakonik, maksimum 8-10 sözdən artıq olmamalı;

– məqalənin məzmununu dəqiq və konkret əks etdirməli;

– ixtisarlardan, ara sözlərdən istfadə olunmamalı;

– reklam xarakterli olmamalı;

– tədqiqatın predmeti öz əksini tapmalıdır.

  1. b) müəllifin (və ya müəlliflərin) soy adı, adı, atasının adı (Authors):

– Müəlliflər əlifba sırası ilə deyil, işdə çəkdiyi zəhmətə görə sıralanır, birinci yazılan əsas müəllif sayılır;

– Mübahisə olmaması üçün məqalənin sonunda müəlliflərin imzası olmalı, yaxud redaksiya tərəfindən onların razılığı alınmalıdır.

  1. c) Xülasə (Abstract, Annotasiya), 500 sözə qədər olmalıdır:

– məqalənin yazıldığı dildə, azərbaycanca və ingiliscə yazılmalı, 1-3 abzasdan ibarət olmalıdır;

– Xülasə məqalənin məzmununu əks etdirməli, təsviri deyil, müəyyənedici xarakter daşımalıdır. Məqsəd əsaslandırılmalı, tədqiqat metodları göstərilməli, yeni faktlar, nəticə, nəzəri və praktiki əhəmiyyəti konkret şəkildə şərh edilməlidir;

– Xülasədə ixtisarlardan, istinadlardan istifadə olunmamalıdır;

– Xülasə sadə cümlələrlə yazılmalı, mətndə olmayan fikirlər verilməməlidir.

ç) Açar sözlər (Keywords) 5-7 sözdən artıq olmamalıdır:

– məqalənin yazıldığı dildə, Azərbaycan və ingilis dillərində verilməlidir;

– Açar sözlərə görə məqalə indeksiləşdirilmiş bazalarda birbaşa qeydiyyata alındığına görə onlar diqqətlə seçilməlidir;

– Açar sözlər indeksləşdirilmiş bazalarda məqalənin başlığı ilə birlikdə göstərildiyinə görə başlıqda olan sözlər burada təkrarlanmamalıdır.

  1. d) Giriş (İntroduction) nisbətən qısa olmalıdır:

– girişdə öyrənilən problemin səciyyəsi və miqyası müəyyən edilməli;

– mətndə istlfadə ediləcək termin və ifadələr burada öz əksini tapmalı;

– Girişdə, xülasədə olan fikirlər təkrar edilməməlidir;

– Tədqiqatın əsaslandırılması və motivasiyası indiki zamanda verilməlidir.

  1. e) Mətn-Tədqiqat materialları və üsulları (Materials and Methods):

– Mətndə məlumatlar bilavasitə və sadə şəkildə təhlil olunmalı və təqdim edilməlidir;

– Zəruri məlumatlar elə təqdim olunmalıdır ki, ondan tam şəkildə istifadə etmək mümkün olsun;

– Xronoloji ardıcıllığa əməl olunmalı, mərhələlər göstərilməlidir;

– İstifadə olunan standart tədqiqat üsullarının, ən azından adı çəkilməli, əgər müəllif yeni tədqiqat üsulundan istifadə edirsə, onu şərh etməlidir.

ə) Nəticə (Results) məqalənin özəyidir.

Burada tədqiqatın yekunu, əvvəlki bölmələrdə ardıcıllıqla şərh olunan tədqiqatın elmə gətirdiyi yeniliklər təqdim edilməli;

– Nəticələr aydın və dəqiq verilməlidir;

– Geniş şərhlərə yer verilməməli, mətdə verilmiş tablolara, cədvəllərə, qrafik təsvirlərə istinadlar olmamalıdır;

  1. f) Müzakirə (Discussion):

– Nəticələrin interpretasiyasıdır:

– Nəticələrin elmi əhəmiyyəti göstərilməli;

– Elmi yeniliyinə sübutlar gətirilməli;

– Əsaslandırılmamış ehtimallar irəli sürülməməlidir;

– Nəticələrin nəzəri əhəmiyyəti göstərilməlidir.

  1. g) Ədəbiyyat (References):

– Mətndə istifadə olunmuş ədəbiyyata istinadlar aşağıdakı kimi verilir:

– (Şəhriyarov, 2020, s. 25, şəkil 12, 3);

– Bir müəllifin bir neçə əsərinə istinad olunursa, onlar xronoloji ardıcıllıqla göstərilir, eyni ildə nəşr olunan əsərlər hərflərlə qeyd olunur. (Şəhriyarov, 2020a; 2022b);

– Həmmüəlliflərin əsərinə istinad zamanı birinci müəllifin soyadı  və b. yazılır. (Şəhriyarov və b. 2019);

– Bir əsərə ardıcıl olaraq istinad olunursa “yenə orada” kimi qeyd olunur. (Yenə orada, s.102).

Mətnin sonunda ədəbiyyat siyahısı:

– İstifadə edilmiş ədəbiyyatın siyahısı  əlifba sırası ilə xronoloji ardıcıllıqla verilir;

Nümunə:

Moniqrafiya:

İsmaylzadə, İbrahimli. 2013 – İsmayılzadə Qüdrət, İbrahimli Bəhlul. Qızılburun nekropolu. Bakı: Elm və Təhsil, 2013, 120 s.

Kollektiv monoqrafiya:  

Азербайджан на Шелковом…, 2020. Азербайджан на Шелковом пути (науч. ред. акад. Ш.М.Мустафаев). Баку: Изд-во “Təhsil”, 2020. –384 c.

Çoxcildli nəşrdə fəsil:   

  Əhmədov, 2008. – Əhmədov Q.M. Təsərrüfat, sənətkarlıq və ticarət // Azərbaycan arxeologiyası. Altı cilddə. VI cild. Orta əsrlər / məsul redaktor T.Dostiyev. Bakı: “Şərq-Qərb”, 2008, s. 198-142

Jurnalda məqalə:

 Ələkbərov, 2018.– Ələkbərov V. Neolit dövründə Cənubi Qafqazda keramika itehsalının yaranması və inkişafı // Azərbaycan arxeologiyası, 2018, c. 21, №1, s. 177-198.

Konqress, konfrans, simpozium materialları :

Xəlilov, 2008. – Xəlilov M.C. Şəmkirin alban dövrü arxeoloji abidələri // Şəmkir: arxeoloji irsi, tarixi və memarlığı. Birinci respublika elmi-praktik konfransın materialları. 28-29 noyabr 2007. Şəmkir. –Bakı, 2008, s. 207-215.

– Siyahıda göstərilən hər bir ədəbiyyata mətndə istinad olmalıdır.

References latın əlifbası ilə ingilis dilinə tərcümədə yazılmaqla tərtib olunmalı, mötərizə əsərin hansı dildə olması gostərilməlidir ( in Russian; in Azerbaijani; in Turkish; və s.)

ğ) Əlavələr (Appendices). Məqaləyə aid olan ikinci dərəcəli:

 – tədqiqat obyektinə;

– istifadə olunan xüsusi avadanlığa;

– tədqiqat üsullarına;

– eksperimental və statistik işləmələrə aid məlumatlar burada verilir.

  1. h) İxtisarların siyahısı(reduction list):

– əlifba sırası ilə;

– açılışı ilə birlikdə verilməlidir.

  1. h) şəkilaltı yazılar:

 – məqalənin yazıldığı dildən başqa Azərbaycan və ingilis dillərində verilməlidir.

  1. x) İllüstrasiyalar:

 – TİFF və ya JPEG formatında göndərilməli, foto, sxem və tabloların eni 17 sm-dən artıq olmamalıdır.

– Göndərilən fayllarda müəllifin soy adı və faylın məzmunu göstərilməlidir. Məsələn: “Şəhriyarov, mətn”, “Şəhriyarov-şəkil”.

  1. Məqalənin həcmi (article volume):

– Yuxarıda qeyd edildiyi kimi, xülasə, açar sözlər, ədəbiyyat siyahısı da daxil da daxil olmaqla 20 səhifədən artıq olmamalıdır;

– Mikrosoft Word  redaktəsində Times New Roman şrifti ilə, 12 keql ölçüsündə, 1,5 intervalla, hər tərəfdən 2 sm, abzasa 1,25 sm sahə buraxılmaqla eninə yığılmalıdır.

Ayrıca qeyddə müəllifin ORCİD sistemində identifikasiya nömrəsi, iş yeri, iş yerinin poçt ünvanı, elektron poçt ünvanı Azərbaycan və ingilis dillərində göstərilməlidir.

Nümunə:

İbrahimli Bəhlul İmran oğlu, tarix üzrə fəlsəfə doktoru, dosent, AMEA Arxeologiya və Antropologiya İnstitutunda şöbə müdiri; İbrahimlib@mail.ru;

AZ1073, Bakı şəhəri, H.Cavid prospekti, 115; ORCİD: 0000-0001-8585-0917

Mətndə verilən yeni və az işlədilən, tərcümə olunan terminlər yazıldığı dildə orijinalda olduğu kimi mötərizədə verilməlidir.

Mətndəki illüstrasiyaların hamısı – qrafik təsvirlər, foto şəkillər və s. “şəkil” adı ilə verilməlidir.

Mətndə cədvəldən də istifadə oluna bilər ki, bu da “cədvəl” adı ilə verilməlidir.

Məqalələr jurnalın e-poçtuna (arxeolojiirs@yandex.com) göndərilməlidir.

Qaydalara uyğun tərtib olunmamış məqalələrə baxılmayacaq!