“İçərişəhər” Qoruq işçiləri, arxeoloqlar və turizm bələdçiləri bir araya gəldilər

27 fevral 2025-ci il tarixində AMEA Arxeologiya və Antropologiya İnstitutu (AMEA AAİ) və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Beynəlxalq Bələdçilər günü və Arxeoloji muzeydə bələdçilik mövzusunda tədbir keçirib.
Tədbir, “İçərişəhər” Muzey Mərkəzi ilə AMEA AAİ-nın birgə Muzey Sərgi Zalının təqdim etmək, bələdçilər üçün infotur və elmi müzakirələr təşkil etmək məqsədi daşıyırdı.
AMEA AAİ-nın könüllü təcrübə proqramına həsr olunmuş tədbirdə AMEA AAİ-nın elmi katibi, tarix üzrə fəlsəfə doktoru (t.ü.f.d.), dosent Ellada Bəkirova tədbirin əhəmiyyətini vurğuladı və bələdçilərin, elmi və mədəniyyət sahəsinin mütəxəssislərinin bir araya gəlməsinin vacibliyini qeyd etdi.
Daha sonra AMEA AAİ-nın elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru Zaur Həsənov müasir elmin tələblərinə uyğun olaraq arxeoloji tədqiqatların ictimailəşməsinin önəmini dilə gətirdi.
Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının İdarə Heyətinin Sədri Yəhya Bayramov öz çıxışında bələdçilərin abidələr haqqında məlumatlılığının artırılması, abidələrin tədqiqi və onlar haqda məlumatın bələdçilərə ötürülməsi, “İçərişəhər” Muzey Mərkəzinin şöbə müdiri müavini Pərvin Niftəliyeva isə bələdçilərlə dinamik əməkdaşlığın vacibliyini qeyd etdilər.
AMEA AAİ-nın əməkdaşı və proqram üzrə koordinatoru Günel Vəliyeva könüllülərin proqrama cəlb olunması və bu təşəbbüsün həm muzey işinin təşkilində və həm də gənclərin elmə marağının artırılmasında rolundan söz açıb.
AMEA AAİ-nin aparıcı elmi işçisi t.ü.f.d. Pərviz Qasımov “Azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda aparılan arxeoloji qazıntılar haqda ilkin məlumat” mövzusunda təqdimatla çıxış etdi. Vizual elektron təqdimatla müşayət olunan çıxışında P.Qasımov institut tərəfindən 3 ildə işğaldan azad olunmuş ərazilərdə aparılan arxeoloji qazıntılardan söz açaraq bildirdi ki, abidələr tədqiq edildikcə ziyarətçilərin üzünə açıq olacaq. Bu isə daxili və xarici turizmin inkişafına böyük imkanlar yaradacaqdır.
AMEA AAİ-nin professoru, qocaman alim Hidayət Cəfərov Sərgi Zalının tarixi haqda məlumat verdi.
AMEA AAİ Elmi Fond və Ekspozisiya şöbəsinin müdiri vəzifəsini icra edən Orxan Zamanov Muzey Sərgi Zalında elan olunmuş “Könüllü təcrübəsi” üzrə bələdçilik kursu və könüllülük təcrübəsi proqramının təqdimatı barədə geniş məlumat verdi.
Tədbirin sonunda “İçərişəhər” Dövlət Tarixi Memarlıq Qoruq idarəsinin “İçərişəhər” Muzey Mərkəzi ilə AMEA AAİ-nun ortaq Muzey Sərgi Zalının təqdimatı keçirilib Muzey Sərgi Zalında yenilənmiş ekskursiya mətni əsasında infotur təşkil edilib.