
03 mart 2025-ci il tarixində AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru (t.ü.f.d.), dosent Fərhad Quliyev Qazaxıstan Respublikası Kudaybergen Jubanov ad. Aqtöbe Regional Universiteti rəhbərliyinin nümayəndələrini qəbul etdi. Aqtöbe Regional Universitetinin rektoru təhsil üzrə fəlsəfə doktoru xanım Laura Karabasovanın başçılıq etdiyi qazaxıstanlı nümayəndə heyətində Universitetin Strateji inkişaf üzrə prorektoru Dastan Husainov və Universitetin Beynəlxalq əlaqələr departamentinin rəhbəri Mayra Aldiyarova təmsil olunmuşdular.
Qazaxıstanlı qonaqları salamlayaraq Fərhad Quliyev bildirdi ki, rəhbərlik etdiyi İnstitutun arxeologiya sahəsi üzrə Türk respublikaları, o cümlədən, Qazaxıstan Respublikasının arxeoloji tədqiqat qurumları ilə əməkdaşlığı illər əvvələ söykənir. Artıq Qazaxıstanın bir çox tanınmış arxeoloqları ilə şəxsi əlaqələr qurulmuş, arxeoloji tədqiqat və elmi tədbirlərdə konstruktiv işbirliyi mövcuddur. “Türk Dövlətlərinin elmi mərkəzləri, xüsusilə arxeologiya sahəsində, yəni, ortaq tarixin kəsişən nöqtələrinin araşdırılması üzrə işbirliyinin qurulması müasir dünyanın çağırışıdır.” – deyə F.Quliyev vurğuladı.
K.Jubanov ad. Aqtöbe Regional Universitetinin rektoru xanım Laura Karabasova Bakıya gəlişindən məmnunluğunu bildirdi. Xanım L.Karabasova Qazaxıstanda gənc tədqiqatçı alimlərin hazırlanması və ümumiyyətlə, elmə ölkə rəhbərliyi tərəfindən göstərilən diqqətdən söz açdı. K.Jubanov ad. Aqtöbe Regional Universiteti artıq 2020-ci ildən Avropa və Mərkəzi Asiyanın inkişaf edən ölkələrinin QS Dünya Universitetləri Reytinqinə daxil edilmişdir. Aqtöbe Universitetinin rektoru da Türk ölkələrinin elmi-tədqiqat və təhsil müəssisələri arasında əməkdaşlığın qardaş xalqların elm sahələrinin inkişafı üçün böyük perspektivlər açdığını qeyd etdi.
Daha sonra tərəflər arasında müddəaları öncədən razılaşdırılmış əməkdaşlıq haqqında saziş imzalandı. İmzalanmış sazişin müddəalarında K.Jubanov ad. Aqtöbe Regional Universiteti və AMEA Arxeologiya və Antropologiya İnstitutu arxeologiya sahəsində birgə tədqiqat layihələrinin gerçəkləşməsi, elmi təcrübənin mübadiləsi və gənc alimlərin hazırlanması nəzərdə tutulub.
Qazaxıstanlı nümayəndə heyətilə görüşdə AMEA Arxeologiya və Antropologiya İnstitutunun Elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru Zaur Həsənov, İnstitutun Elmi katibi t.ü.f.d., dosent Ellada Bəkirova və aparıcı elmi işçi t.ü.f.d. Pərviz Qasımov iştirak edirdilər.