3 mart 2025-ci il tarixində AMEA Arxeologiya və Antropologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən “Elmi müzakirə qrupu” layihəsi çərçivəsində ilk tədbir təşkil edildi. Tədbirin məqsədi gənc tədqiqatçılar arasında elmi diskussiya mühitinin formalaşdırılması, təqdimat bacarıqlarının inkişaf etdirilməsi və elmi-tənqidi düşüncənin təşviq edilməsi idi.

Tədbir çərçivəsində İnstitutun elmi işçisi, doktorantı Mircavid Ağalarov “Səlcuq dövrü Azərbaycan fayansları” mövzusunda məruzə ilə çıxış etdi. Məruzəçi Səlcuq dövrünə aid fayans nümunələrinin sənətkarlıq və texnoloji xüsusiyyətləri, həmçinin, onların Azərbaycan ərazisində yayılma arealı haqqında ətraflı məlumat verdi. Tədbir iştirakçıları mövzu ətrafında aktiv müzakirələr apardılar.

Təqdimatda AMEA Arxeologiya və Antropologiya İnstitutunun Elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru Zaur Həsənov, İnstitutun Elmi katibi t.ü.f.d., dosent Ellada Bəkirova və aparıcı elmi işçi t.ü.f.d. Pərviz Qasımov iştirak edirdilər.

İştirakçılar bu cür elmi müzakirələrin gənc tədqiqatçılar üçün faydalı olduğunu və bu təşəbbüsün davam etdirilməsinin vacibliyini vurğuladılar. “Elmi müzakirə qrupu” layihəsi çərçivəsində növbəti tədbirlərin də keçirilməsi planlaşdırılır.