Beynəlxalq Konqresdə Azərbaycan arxeoloqlarının fəaliyyəti yüksək qiymətləndirildi

İtaliyanın Florensiya şəhərindəki Konqres Sarayında («Palazzo dei Congressi») “TourismA” – Beynəlxalq Arxeoloji və Mədəni turizm sərgi konqresi keçirilmişdir. Hər il keçirilən “TourismA” beynəlxalq konqresi – İtaliya və ümumilikdə dünya arxeoturizminin yeniliklərini, yeni arxeoloji kəşfləri, istifadəyə verilmiş arxeoloji turizm marşrutlarını, eyni zamanda turizm sahəsində çalışan dövlət və elmi müəssisələrin və özəl şirkətlərin fəaliyyətlərini uzlaşdıran bir platformadır.
Konqresdə Azərbaycan Respublikasının (AR) Romadakı səfiri Rəşad Aslanov, AR Mədəniyyət Nazirliyi, Nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin, Dövlət Turizm Agentliyinin nümayəndələri iştirak edirdilər. Həmçinin, konqresdə Azərbaycan nümayəndə heyətinin tərkibində AMEA Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları, arxeoloqlar Sevinc Hüseynova və Lola Hüseynova da təmsil olunurdular.
Sərgidə Dövlət Turizm Agentliyinin təşkilatçılığı və Azərbaycanın İtaliyadakı səfirliyi ilə əməkdaşlıq çərçivəsində ölkəmizin qədim tarixi və arxeoloji abidələri barədə təqdimatlar edilib, ziyarətçilərə beynəlxalq əməkdaşlıq imkanları və arxeoloji irsin turizm məhsulu kimi inkişaf etdirilməsi istiqamətində görülən işlər haqqında məlumat verilib.
Konqresdə çıxış edən ArtCloud Network-un kreativ direktoru Fabrizio Conti və Kataniya Universitetinin Yaxın Şərq arxeologiyası professoru Nikola Laneri Azərbaycanda arxeoloji tədqiqatlar və mədəni İrsin Qorunması, barədə məruzə ediblər. Professor Nikola Laneri məruzəsində Ağstafa rayonu ərazisində aşkar edilmiş Tavatəpə son tunc tövrü abidəsinin tarixi əhəmiyyətindən söz açdı. Qeyd edək ki, Tavatəpə abidəsi professor N.Laneri və AMEA Arxeologiya və Antropologiya İnstitutunun “Yeni tikinti sahələrinin arxeoloji tədqiqi” şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilovun rəhbəri olduqları beynəlxalq arxeoloji ekspedisiya tərəfindən aşkar olunub, tədqiqata cəlb edilmişdir.
Fabrizio Conti isə, Qarabağ ərazisində aparılan abadlıq işlərindən, o cümlədən, Ağdam şəhərindəki Pənahəli xan Sarayı və İmarət Kompleksindəki arxeoloji tədqiqat və bərpa işləri barədə çıxış etdi. Hər iki məruzəçi Azərbaycan arxeoloqlarının nəzəri və praktiki biliklərini yüksək qiymətləndirdilər.