2025-ci il martin 12-də Xəzər Universitetində Tarix və Arxeologiya departamentinin və Humanitar, təhsil və sosial elmlər fakültəsinin (HTSE) təşkilatçlığı ilə AMEA Arxeologiya və Antropologiya İnstitutunun “Neolit və Xalkolit dövrü arxeologiyası” şöbəsinin müdürü tarix üzrə fəlsəfə doktoru, dosent Xəqani Alməmmədovun “Cənubi Qafqazda erkən əkinçi-maldar mədəniyyətlərin təşəkkülü, inkişaf dinamikası və xronologiyası” mövzusunda elmi seminarı keçirilmişdir.

Seminarda Xəzər Universiteti HTSE-nin dekan müavini Pərvin Kərimova, Tarix və Arxeologiya departamentinin müəllimi, AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədov, Universitetin Tarix və Arxeologiya departamentinin müəllimi tarix üzrə fəlsəfə doktoru Laçın  Mustafayev, Bakı Ali Neft Məktəbinin müəllimi Faiq Nəsibov və  Humanitar, təhsil və sosial elmlər fakültəsinin “Tarix müəllimliyi” və “Tarix coğrafiya” ixtisası üzrə təhsil alan tələbələri iştirak etmişdir.

AMEA Arxeologiya və Antropologiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru Tufan Axundovun xatirəsinə həsr olunmuş seminarda X. Alməmmədov Cənubi Qafqazda erkən əkinçi-maldar mədəniyyətlərin öyrənilməsi tarixindən, əldə olunmuş nəticələrdən, eləcə də, özünün bilavasitə iştirakı və rəhbərliyi ilə aparılan tədqiqatlar haqqında geniş məlumat vermişdir. Sonda mövzu ətrafında müzakirə aparılmış, tələbələri maraqlandıran suallar cavablandırılmışdır.