AMEA Arxeologiya və Antropologiya İnstitutunda dərc olunması planlaşdırılan Azərbaycan dilində “Arxeoloji irs” və ingilis dilində “Tempus Pontem: Azerbaijan Journal of Archaeology and Anthropology” adlı elmi jurnalların redaksiya heyətlərinin birgə iclası keçirildi. İclası açan AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru, t.ü.f.d., dosent Fərhad Quliyev İnstitutun müasir standartlara cavab verən dövrü elmi dərgilərə ehtiyacının çoxdan yarandığını bildirdi. “Böyük və çətin bir təşkilatı işlərdən sonra artıq biz elmi dərgilərimizin ilk saylarının nəşrə hazırlıq mərhələsinə çatmışıq” – deyə F.Quliyev vurğuladı.
Redaksiya üzvləri Azərbaycan və ingilis dilində respublika daxilindən və xaricindən təqdim edilmiş məqalələrin redaktəsini müzakirə etdilər. Dərcə məqsədəuyğun bilinmiş məqalələrin elmi tutumunu, qoyulmuş tələblərə müvafiqliyini qeyd etdilər.
Həmçinin, müzakirə zamanı dərc ediləcək elmi jurnalların elektron versiyalarından, aktivləşməsi planlaşdırılmış internet saytlarından söz açıldı. Xüsusi olaraq vurğulandı ki, Azərbaycan və ingilis dilində dərc ediləcək hər bir məqalənin aktiv beynəlxalq rəqəmsal identifikatoru (DOI / The Digital Object Identifier) olacaq.