Etnoarxeologiya şöbəsi 2002-ci ildən AMEA Arxeologiya və Antropologiya İnstitutunun strukturunda fəaliyyət göstərir.

Etnoarxeologiya şöbəsində Azərbaycanın başlıca olaraq Neolit, Xalkolit, Tunc-İlk Dəmir dövrlərinin (e.ə. VII-I minilliklər), qismən Antik və Orta əsrlər dövrlərinin arxeoloji abidələrini tədqiq edir və bu tədqiqatlar zamanı etnoloji materiallardan  geniş istifadə edilir.

Arxeoloji abidələr, tapıntılar əsasında Azərbaycanın qədim və orta əsrlər dövrü maddi və mənəvi mədəniyyətinin, sənətkarlıq və təsərrüfat sahələrinin, məskunlaşma və miqrasiya problemlərinin, dəfn adətlərinin, arxeoloji kontekstdə etnogenez məsələlərinin tədqiqi şöbənin əsas elmi istiqamətini təşkil edir.

Arxeoloji qazıntılar aparmaq, qazıntılardan əldə edilən artefaktların kameral işlənməsi, etnoarxeologiyanın problemlərinə dair məqalələr nəşr etdirmək, arxeoloji qazıntılar əsasında ibtidai və sinifli cəmiyyət dövrü əhalisinin dini dünyagörüş məsələlərini araşdırmaq, qədim dövrdə əhali məskunlaşması probleminin tədqiqi və s. bu kimi məsələlər şöbə əməkdaşlarının qarşısında duran əsas vəzifələridir.

Şöbənin faəliyyətinin nəticəsi olaraq Gəncə-Qazax bölgəsində Neolit dövrünün erkən əkinçilik-maldarlıq təsərrüfatının yerli mənşəli olmasına dair tutarlı faktlar aşkarlanmış, Xalkolit dövrünə aid Leylatəpə mədəniyyətinin Şərqi Anadolu-Şimali Mesopotamiyadan baş vermiş miqrasiyalar nəticəsində yarandığı, eyni zamanda Şimali Qafqazın Maykop mədəniyyətinin məhz Leylatəpə mədəniyyətinin bazasında yaranması sübut edilmişdir. Kür-Araz mədəniyyətinə aid kurqanların və torpaq qəbirlərin qazıntıları nəticəsində dəfn adətlərinə dair yeni faktlar əldə edilmişdir. Qobustan qədim təsvirləri və Naxçıvanda Tunc dövrünə aid Gəmiqaya rəsmləri araşdırılmış, bu abidələr əsasında Azərbaycanın qədim dövr maddi və mənəvi mədəniyyət tarixinin bir sıra məsələləri tədqiq edilmişdir. Bununla yanaşı, hazırda Gəncə-Qazax və Talış-Muğan bölgələrində Tunc-İlk dəmir dövründə əhali məskunlaşması problemləri araşdırılır, Orta Kür hövzəsinin və Talış dağlarının yüksək ərazilərinin İlk Tunc dövründən başlayaraq məskunlaşması ilə bağlı məsələlər, Xalkolit və Tunc-İlk Dəmir dövrlərinə aid qəbir abidələrinin qazıntıları əsasında dəfn adətləri tədqiqata cəlb edilir. Arxeoloji qazıntılar və paleoantropoloji tapıntılar əsasında Neolit-İlk Dəmir dövrlərinə aid, sənətkarlıq sahələri, dini inamlar tədqiq edilmiş, Azərbaycanda ən qədim dövlətçilik ənənələri və xalqın etnogenez tarixinə aid tədqiqatlar aparılır. Həmçinin, Antik və Orta əsrlər dövrlərinə aid Qafqaz Albaniyası əhalisinin mənəvi mədəniyyəti, dini inamları, alban əhalisinin deetnizasiyası problemləri araşdırılır.

Şöbənin yaradılmasının təşəbbüskarı tarix elmləri doktoru, professor Nəcəf Ələsgər oğlu Müseyibli olmuş və yarandığı vaxtdan bu günə qədər elə onun rəhbərliyi altında fəaliyyətini davam etdirir.

“Etnoarxeologiya” şöbəsinin əməkdaşları:

  1. Nəcəf Ələsgər oğlu Müseyibli – şöbə müdiri, tarix elmləri doktoru, professor
  2. Şamil Nadir oğlu Nəcəfov – aparıcı lmi işçi, tarix üzrə fəlsəfə doktoru, dosent
  3. Anar Mirsəmid oğlu Agalarzadə – aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru, dosent
  4. Ülviyyə Şahbal qızı Hacıyeva – aparıcı elmi işçi, dosent
  5. Məlahət Novruz qızı Fərəcova – böyük elmi işçi (0,5), tarix üzrə fəlsəfə doktoru
  6. Mətanət Məhəmməd qızı Hüseynova – elmi işçi
  7. Ülviyyə Rəfail qızı Səfərova – elmi işçi
  8. Fərhad Səfalar oğlu Fərmanov – elmi işçi
  9. Gülnarə Novruz qızı Hacıyeva –  kiçik elmi işçi
  10. Kəmalə Dərgah qızı Qüdrətova – kiçik elmi işçi
  11. Aytən Ramiz qızı Ramazanova – böyük laborant
  12. Aygün Əlimurad qızı İbrahimova – böyük laborant
  13. Seymur Fərhad oğlu Fərmanlı –  rəssam