Azərbaycanın “Antik dövr arxeologiyası” şöbəsi 1987-ci ildən fəaliyyətə başlamış, 2017-ci ilə qədər şöbəyə AMEA-nın müxbir üzvü, t.e.d, professor İlyas Atababa oğlu Babayev rəhbərlik etmişdir. 2018-2021-ci illərdə “Antik dövr arxeologiyası” şöbəsinə rəhbərliyi t.ü.f.d. Zaur Həsən oğlu Həsənov həyata keçirmişdir. 2021-ci ildə Antik dövr şöbəsinin bazasında “Dəmir dövrü arxeologiyası” şöbəsi yaradılmış və Antik dövrlə əlaqədar tədqiqatlar yeni yaradılmış Albanşünaslıq Elmi Mərkəzinin müvafiq sektorlarında aparılmışdır.
AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun yeni strukturunun dəyişilməsi ilə əlaqədar olaraq AMEA Rəyasət Heyətinin 23 aprel 2024-cü il tarixli 13\3,13\4,13\5,13\6 və 13\7 nömrəli qərarına əsasən institutun Albanşünaslıq Elmi Mərkəzi (tərkibində olan Qafqaz Albaniyasının maddi-mədəni irsinin arxeoloji tədqiqi sektoru və Qafqaz Albaniyasının memarlıq abidələri və mənəvi irsinin tədqiqi sektoru) ləğv edilmiş və onun bazasında “Antik dövr və Alban arxeologiyası” şöbəsi yaradılmışdır.
“Antik dövr və Alban arxeologiyası” şöbəsinin əsas fəaliyyət istiqaməti olaraq AMEA Arxeologiya və Antropologiya İnstitutunun baş planı üzrə Azərbaycan ərazisindəki Antik dövr, Atropatena və Qafqaz Albaniyası dövlətlərinə məxsus abidələrdə yaşayış yerləri, müdafiə tikililəri, müşahidə qüllələri, dini ibadətgahlar, kilsə və monastrlar, qeyd olunan dövrlərə aid nekropollar və s. tədqiqat işlərinin aparılacağını nəzərdə tutmuşdur.
Tədqiqatlarla bu günə kimi əldə olunmuş maddi mədəniyyət nümunələri və gələcəkdə əldə ediləcək arxeoloji dəlillərə əsasən Antik dövr, Atropatena və Qafqaz Albaniyası mədəniyyəti, sənətkarlığı, ticarət əlaqələri, təsərrüfat həyatı, iqtisadi-siyasi-mədəni əlaqələri, tikili qalıqlarının memarlıq xüsusiyyətləri və s. araşdırılması yeni məzmunda təşkil olunan şöbənin əsas elmi istiqamətlərini təşkil edir. Antik dövr, Atropatena və Qafqaz Albaniyasına məxsus müxtəlif təyinatlı obyeklərdə yaşayış yerlərində arxeoloji tədqiqatlarla əldə edilən nümunələr hesabına şöbənin profilinə uyğun elmi əsər və məqalələrin yazılması, yerli və beynəlxalq konfranslarda məruzələrin təqdim edilməsi şöbənin qarşısında duran əsas vəzifələrdəndir.
Şöbənin müdiri keçmiş strukturda olan Albanşünaslıq Elmi Mərkəzinin “Qafqaz Albaniyasının memarlıq abidələri və mənəvi irsinin tədqiqi” sektorunun müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Əbülfət oğlu Alışovdur.
“Antik dövr və Alban arxeologiyası” şöbəsinin əməkdaşları:
- Natiq Əbülfət oğlu Alışov – şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent
- Vaqif Arif oğlu Əsədov – aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru, dosent
- Abdulla Bəkir oğlu Abdullayev – elmi işçi
- Elxan Əhməd oğlu Qəhrəmanlı – böyük laborant