2018-cü ildə AMEA Rəyasət Heyətinin qərarı ilə institutun strukturunda Antropologiya Mərkəzi yaradılmışdır. İnstitutda aparılan struktur islahatlarının nəticəsi olaraq AMEA Rəyasət Heyətinin 23 aprel 2024-cü il, 13/7 saylı qərarı ilə mərkəzin bazası əsasında Antropologiya şöbəsi təşkil edildi.

Antropologiya geniş mənada insan haqqında ümumi elm olaraq insanın dünya ilə, ətraf mühit ilə müxtəlif münasibətlərini və əlaqələrini tədqiq edir. Bu baxımdan insan həm bioloji təkamülün məhsulu, həm özünə məxsus genetik proqramlı təbii fərd, həm də tarixi-mədəni prosesin subyekti və obyekti olan şəxsiyyət kimi araşdırılır. Bu anlayışda antropologiya fiziki və yaxud bioloji, sosial və mədəni antropologiyaya bölünür. Məhz bunu nəzərə alaraq Antropologiya şöbəsinin strukturu hələlik iki bölmədən ibarətdir – Sosial antropologiya sektoru və Fiziki antropologiya laboratoriyası.

Hal-hazırda Antropologiya şöbəsinin ümumi mövzusu kimi “Azərbaycanda antropoloji tədqiqatlar” qəbul olunmuşdur. Bioloji antropologiya laboratoriyasının mövzusunu şərti olaraq “Azərbaycanın qədim və müasir əhalisinin antropoloji xüsusiyyətlərinin tədqiqi” adlandırılıb. Sosial antropologiya sektorunun mövzusu isə “Müasir iqtisadi, siyasi, mədəni və ekoloji proseslərin Azərbaycan əhalisinin ənənəvi mədəniyyətinə və həyat tərzinə təsiri” kimi müəyyənləşdirilib.

Fiziki antropologiya zaman və məkanda insan biologiyasının dəyişkənliyini, onun mənşəyini, irqi müxtəlifliyini, yaş və konstitusional (vücud quruluşu) xüsusiyyətlərini və onları müşayiət edən prosesləri öyrənir. Fiziki antropologiyanın əsasını anatomiya, morfologiya, fiziologiya və biometriya təşkil edir. Fiziki antropologiya həmçinin genetika, molekulyar biologiya, embriologiya, paleontologiya ilə ayrılmaz surətdə bağlıdır. Bioloji fənlərdən savayı fiziki antropologiya geologiya, coğrafiya kimi təbiət elmləri və statistika ilə kəsişir. Təsadüfi deyil ki, bütövlükdə antropologiyanın əsas vəzifələrindən biri insanın heyvani əcdadının yaşayışının tabe olduğu bioloji qanunauyğunluqlarından sosial qanunauyğunluqlara keçid prosesinin öyrənilməsidir.

Yuxarıda qeyd olunanlara əsaslanaraq Antropologiya şöbəsinin Fiziki antropologiya laboratoriyasının əsas tədqiqat istiqaməti Azərbaycanın qədim və müasir əhalisinin bioloji xüsusiyyətlərinin tədqiq edilməsi, onların lokal qruplarının konkret xarakteristikaları və müxtəlifliyinin aşkar edilməsi, Avrasiyanın digər xalqlarına azərbaycanlıların genetik yaxınlığı dərəcəsi, azərbaycanlıların antropoloji özünəməxsusluğunun formalaşması tarixi, Azərbaycan əhalisinin həyat fəaliyyətinə paleoekologiya və müasir ekologiyanın təsiridir.

Antropologiya şöbəsinin Sosial antropologiya sektorunun əsas istiqaməti müasir qloballaşma prosesləri şəraitində ölkənin əhalisi arasında sosial-mədəni dəyişikliklərin xüsusiyyətlərinin aşkar edilməsidir. Azərbaycanda sosial-mədəni antropologiya sahəsində tədqiqatların aparılması zamanı diqqət həmçinin ölkənin şəhər və kənd əhalisinin həyat ukladında (tərzində) dəyişikliklərin xarakterinin aşkar edilməsində də cəmləşdirilir. Xüsusi olaraq məkan və interyerin ənənəvi və müasir təşkil edilməsi, ailədaxili münasibətlər və nəsillər arası qarşılıqlı münasibətlərin xarakteri, mədəni meyllər və ölkənin müasir əhalisinin mədəniyyətinin digər çoxlu aspektlərinin, müasir reallıqda azərbaycanlıların ənənəvi mədəniyyətinin dayanıqlıq dərəcəsinin öyrənilməsi nəzərdə tutulur.

Sosial-mədəni antropologiya sektorunun tədqiqatlarının mühüm istiqamətlərindən biri azərbaycanlıların milli özünü dərk etmənin formalaşması və inkişafı, bu proseslərdə etnik simvolların, tarixi şəxsiyyətlərin, tarixi məkanların rolu problemidir.

Son illərdə Antropologiya şöbəsinin fəaliyyətini əks etdirən “Antropoloji tədqiqatların” birinci buraxılışı nəşr olunub – Antropoloji tədqiqatlar. Elmi məqalələr toplusu. I buraxılış. / Bakı: – Füyuzat, – 2023. 400 s.

Antropologiya şöbəsində 22 elmi işçi çalışır. Onlardan 4 nəfəri elmlər doktoru, 4 nəfər isə fəlsəfə doktorudur. Şöbənin müdiri antropologiya elmləri doktoru, professor Əliağa Məmmədlidir.

“Antroplogiya” şöbəsinin əməkdaşları:

  1. Əliağa Əyyub oğlu Məmmədli – şöbə müdiri, tarix elmləri doktoru, professor
  2. Fəzail İmran oğlu Vəliyev – baş elmi işçi, tarix elmləri doktoru, professor
  3. Şirin Teymur qızı Bünyadova – aparıcı elmi işçi, tarix elmləri doktoru, professor
  4. Məhəbbət Tofiq qızı Paşayeva – aparıcı elmi işçi (0,5), tarix elmləri doktoru, professor
  5. Məryəm Rəsul qızı Oruclu – aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru, dosent
  6. Ruslan Hilal oğlu Rəhimli – aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru, dosent
  7. Dmitriy Aleksandroviç Kiriçenko – aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru, dosent
  8. Yusif Tofiq oğlu İbrahimov – elmi işçi
  9. Samirə Nadir qızı Qarayeva – elmi işçi
  10. Eldar Sənanoviç Musayev – elmi işçi
  11. Aygün Faiq qızı Bağırova – elmi işçi
  12. Nuranə Vahid qızı Quliyeva – elmi işçi
  13. Şaxanm İlqar qızı Bayraməli – kiçik elmi işçi
  14. Günay Xəlil qızı Orucova – böyük laborant