“Daş dövrü arxeologiyası” şöbəsi AMEA Rəyasət Heyətinin 24 mart 1971-ci il tarixli qərarı ilə təşkil olunmuşdur. 1971-1994-cü illərdə şöbə rəhbəri Məmmədəli Hüseynov olmuşdur. 1994-cü ildə bu günə qədər isə şöbəyə tarix elmləri doktoru, professor Əsədulla Cəfərov rəhbərlik edir.

Şöbə aşağıdakı 2 problem üzərində elmi tədqiqat işləri aparır:

Azərbaycan ərazisində daş dövrü abidələrinin arxeoloji tədqiqi. Dünya şöhrətli Azıx və Tağlar paleolit düşərgələrində aparılan arxeoloji tədqiqatlar zamanı Quruçay, qədim aşel, orta aşel, son aşel, üst paleolit, arxeoloji mədəniyyətlərinə aid 1 milyondan artıq fauna qalıqları və daş məmulatı tapılmışdır. Azıx paleolit düşərgəsi dünyada hələlik yeganə paleolit düşərgəsidir ki, burada ibtidai insanların məskunlaşma tarixinin 2,5 milyon ildən başlayıb son 15 min illərə qədərki keçdiyi inkişaf mərhələlərini tədqiq etmək mümkün olmuşdur. 2001-2005-ci illərdə Ə.Q.Cəfərovun rəhbərliyi altında Avropa alimləri ilə aparılmış Beynəlxalq “İNTAS-2000” proqramı əsasında ibtidai insanların miqrasiya prosesləri öyrənilmiş və arxeoloji mədəniyyətlərin ayrı-ayrı xüsusiyyətləri tədqiq olunmuşdur. Quruçay mədəniyyətinin dünyada ən qədim arxeoloji mədəniyyət olduğu yekdilliklə qəbul olunmuşdur.

Qarabağın Tağlar paleolit düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı 10 mindən artıq daş məmulatı və 100 minlərlə ovlanmış heyvan sümükləri tapılmışdır. Həmin düşərgənin tapıntıları əsasında əmək alətlərinin texniki-tipoloji xüsusiyyətləri tədqiq olunur.

Naxçıvanda Qazma paleolit düşərgəsi qeydə alınmış və tədqiq olunmuşdur.

Lerik rayonu ərazisində qeydə alınmış Buzeyir və Zuvandçay paleolit düşərgələrindən tapılmış maddi-mədəniyyət qalıqları tədqiq olunur.

Hazırda şöbədə Qarabağın paleolit düşərgələrindən tapılmış maddi-mədəniyyət qalıqları əsasında “Qarabağın arxeoloji mədəniyyətləri və Azıx dünya arxeologiyasında” adlı monoqrafiya üzərində elmi-tədqiqat işləri davam etdirilir.

Qobustan abidələrinin arxeoloji tədqiqi.   “Qobustanın arxeoloji mədəniyyətləri” adlı monoqrafiya üzərində elmi tədqiqat işləri aparılır. Qobustanda 1939-cu ildən başlayaraq 1995-ci ilə qədər aparılan arxeoloji tədqiqatlar nəticəsində üst paleolit, mezolit, neolit, eneolit, tunc və orta əsrlərə aid zəngin maddi-mədəniyyət qalıqları və minlərlə qayaüstü rəsmlər qeydə alınmışdır. Həmin tapılmış maddi-mədəniyyət qalıqlarının arxeologiya elminin müasir səviyyədə tədqiq etmək ən mühüm vəzifə olaraq qarşıda durmaqdadır.

Aparılan arxeoloji tədqiqatlar nəticəsində respublikamızın ərazisində 8 mağara düşərgəsi və 20-dən artıq açıq paleolit abidələr qeydə alınmışdır. Daş dövrünə aid 8 monoqrafiya, 8 kitab və yüzlərlə elmi məqalələr çap olunmuşdur.

Qobustan ərazisində üst paleolit, mezolit, neolit, tunc və orta əsrlərə aid abidələri öyrənilmişdir. Eyni zamanda dünyanın digər həmdövr abidələri ilə müqayisəli araşdırmalar davam etdirilir.

“Daş dövrü arxeologiyası” şöbəsinin əməkdaşları

  1. Əsədulla Qüdrət oğlu Cəfərov – şöbə müdiri, tarix elmləri doktoru, professor
  2. Mənsur Məhəmməd oğlu Mənsurov  – aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru, dosent
  3. Fəqan Vaqif oğlu Yaqubov – böyük laborant
  4. Ülviyyə Mahir qızı Həsənova – böyük laborant
  5. Amilə Əsədulla qızı Ələkbərova – böyük laborant (0,5)
  6. Minaya Dəyanətqızı Feyzullayeva – rəssam