İslam dövrü arxeologiyası şöbəsi AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunda aparılmış struktur dəyişikliyi ilə əlaqədar olaraq günün tələblərinə uyğun olduğu üçün yaradılmışdır. Struktur dəyişikliyinə uyğun olaraq AMEA Rəyasət Heyətinin 23 aprel 2024-cü il tarixli 13\3,13\4,13\5,13\6 və 13\7 nömrəli qərarına əsasən İnstitutun Albanşünaslıq Elmi Mərkəzi (tərkibində olan Qafqaz Albaniyasının maddi-mədəni irsinin arxeoloji tədqiqi sektoru və Qafqaz Albaniyasının memarlıq abidələri və mənəvi irsinin tədqiqi sektoru) ləğv edilmiş və onun bazasında “Antik dövr və Alban arxeologiyası” şöbəsi, “İlk orta əsrlər dövrü arxeologiyası” şöbəsi; Orta əsrlər dövrü şöbəsinin bazasında isə “İslam dövrü arxeologiyası” şöbəsi yaradılmışdır. Şöbənin yaranmasında əsas məqsəd Azərbaycanın İslam dövrü abidələrinin (yaşayış yerlərinin, memarlıq abidələrinin) tədqiqidir.
“İslam dövrü arxeologiyası” şöbəsi AMEA Arxeologiya və Antropologiya İnstitutunun baş planında nəzərdə tutulan problem üzrə Azərbaycan ərazisindəki İslam dövrü abidələrində (yaşayış yerləri, müdafiə tikililəri, türbələr, xanagahlar, nekropollar və s.) tədqiqat işləri aparır.
Tədqiqatlar zamanı aşkar olunan arxeoloji artefaktlara əsasən Azərbaycanın İslam dövrü mədəniyyətinin, sənətkarlıq və təsərrüfat həyatının, iqtisadi-siyasi və mədəni əlaqələrinin, tikili qalıqlarının memarlıq xüsusiyyətləri və s. tədqiqi şöbənin əsas istiqamət mövzusudur.
Müxtəlif yaşayış yerlərində arxeoloji tədqiqatlar aparmaq, qazıntılardan əldə edilən çoxsaylı artefaktların kameral işlənməsi, pasportlaşdırılması, hesabatlarının yazılması və şöbənin profilinə uyğun elmi əsər, tezis və məqalələrin yazılması, nəşri və bu kimi elmi məsələlərin araşdırılması şöbə əməkdaşlarının qarşısında duran əsas vəzifələrdir. Arxeoloji qazıntılar zamanı abidənin memarlıq xüsusiyyətləri, dini inanclar, habelə sənətkarlığın bir çox sahələrinin araşdırılması şöbə əməkdaşları qarşısında duran əsas problemlərdəndir.
Azərbaycanın İslam dövrü arxeologiyası şöbəsi qarşısında duran mühüm vəzifələrdən birisi də qardaş türk cümhuriyyətlərinin müvafiq elmi qurumları ilə təmasları gücləndirmək, müştərək tədqiqatlarda iştirak etmək, mədəniyyətlərarası əlaqələrin tarixi inkişafda izlənilməsidir. Hansı ki, bu cür əlaqələr ortaq türk və İslam dəyərlərinin kompleks şəkildə araşdırılması baxımından olduqca aktual istiqamətdir.
“İslam dövr arxeologiyası” şöbəsinin tematik planına uyğun olaraq aparılacaq arxeoloji tədqiqat işləri Ağsu-İsmayıllı, Qəbələ, Şamaxı və s. regionlarda aparılmış tədqiqatların yeni aspektdə davam etdirilməsidir. Tədqiqat aparılacaq yaşayış yerlərində tapıntılar əsasında İslam dövrünə aid dövlətçilik ənənələri, sənətkarlıq sahələri, əhalinin dini inam və inancları, iqtisadi-siyasi əlaqələri qarşıda duran əsas problemlərdəndir.
Yeni yaranan şöbənin rəhbəri şöbənin yaradılmasının təşəbbüskarlarından biri olan tarix elmləri doktoru, professor Qafar Cəbiyevdir.
“İslam dövrü arxeologiyası” şöbəsinin əməkdaşları:
- Qəfər Cəfər oğlu Cəbiyev – şöbə müdiri, tarix elmləri doktoru, professor
- Kübra Muxtar qızı Əliyeva – baş elmi işçi, sənətşünaslıq doktoru, professor
- Töhfə Talış qızı Hüseynova – aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru, dosent
- Əlibaba Hüseynqulu oğlu Babayev – aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru, dosent
- Elmira İdris qızı Abbasova – aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru
- Fariz Sabir oğlu Xəlilli – aparıcı elmi işçi (0,5), tarix üzrə fəlsəfə doktoru
- İradə Mikayıl qızı Nəcəfova – aparıcı elmi işçi (0,25), tarix üzrə fəlsəfə doktoru, dosent
- Çinarə Yaşar qızı Əhmədova – kiçik elmi işçi