1970-1980-cı illərdə Azərbaycan nəhəng tikintilər meydanına çevrilmişdir. Bu səbəbdən R.B.Göyüşov institutda “Yeni tikinti sahələrinin arxeoloji tədqiqi” şöbəsinin yaradılması ideyasını irəli sürür və 1980-ci ildə Azərbaycan EA Rəyasət Heyətinin qərarı ilə həmin şöbə yaradılır və R.B.Göyüşov həmin şöbənin rəhbəri seçilir. O, bu sahədə əhəmiyyətli işlər aparır: Naxçıvanda Araz su qovşağı tikintisi zonasının, Xudafərin və Qızqalası su qovşaqlarının, Yenikənd və Şamxor SES-nin, Mozdok – Qazıməmməd qaz kəməri çəkilişi zonası və digər böyük tikinti zonalarının arxeoloji abidələri məhz onun rəhbərliyi ilə öyrənilmişdir.

Elmi-tədqiqat istiqamətləri:

Yeni tikinti sahələrinin arxeoloji tədqiqi şöbəsi ölkə ərazisində inşaat-quraşdırma və torpaq işləri aparılacaq ərazilərdə qeydə alınan arxeoloji abidələrin tədqiqi və bu kimi ərazilərin ilkin arxeoloji müayinəsi və müvafiq elmi rəyin hazırlanıb təqdim edilməsini təmin edir.

Nailiyyətlər: Son 20 il ərzində, respublikada həyata keçirilən geniş miqyaslı iqtisadi layihələrin sayının artması ilə əlaqədar olaraq şöbə bu işlərin aparılma zonasında onlarla arxeoloji abidə tədqiq etmişdir. Ən geniş miqyaslı tədqiqatlar sırasında aşağıdakıları qeyd etmək olar:

  1. BTC neft və Cənubi Qafqaz qaz kəmərləri zonasındakı arxeoloji abidələrin öyrənilməsi. Burada 40-dan çox müxtəlif dövrlü və tipli abidə tədqiq olunmuşdur.
  2. Respublikanın şimal-şərq bölgəsində magistral şosse yolunun çəkilişi, Taxtakörpü kompleksinin tikintisi, Samur-Abşeron kanalının və Şollar su kəmərinin bərpası ilə əlaqədar abidələr tədqiq olunmuşlar.
  3. Tovuz rayonunun Qazıqulu kəndi yaxınlığında Tovuzçay su anbarının tikintisi ilə əlaqədar bu rayondakı abidələrin tədqiqi.
  4. Sanqaçal neft terminalının tikilməsi zonasında yerləşən abidələrin tədqiqi.
  5. Qarabağ və Şərqi Zəngəzur ərazisində aparılan geniş quruculuq işləri və böyük infrastruktur layihələri çərçivəsində bir sıra xilasedici arxeoloji tədqiqatlar aparılıb.
  6. AzerGold QSC-nin Çovdar Filiz Emalı Sahəsində aparılan inşaat işləri ilə əlaqədar olaraq ərazidə böyük bir nekropolda tədqiqatlar aparılıb.

1999- 2021-ci illərdə şöbəyə tarix üzrə fəlsəfə doktoru Qoşqar Qoşqarlı,  2021-2024-cü illərdə isə tarix üzrə fəlsəfə doktoru, dosent Qəhraman Ağayev şöbəyə rəhbərlik etmişdirlər. 2024-cü ildən şöbənin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilovdur.

“Yeni tikinti sahələrinin arxeoloji tədqiqi” şöbəsinin əməkdaşları:

  1. Bəxtiyar Məzahim oğlu Cəlilov – şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent
  2. Nərgiz Hacıbala qızı Axundova – aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru
  3.  Hüseyn Arif oğlu Məmmədzadə – böyük elmi işçi
  4.  Lola Əkbər qızı Hüseynova – elmi işçi
  5. Şamxal Tofiq oğlu Muradov – böyük laborant
  6. Çinarə Əli qızı Vəliyeva – böyük laborant