Ellada Abubəkir qızı Bəkirova 1983-cü il fevral ayının 24-də Ağdaş rayonunda anadan olmuşdur. 2000-ci ildə Müşfiq İsayev adına tam orta məktəbi bitirərək Bakı Dövlət Universitetinin tarix fakültəsinə ödənişsiz əsaslarla daxil olmuşdur.
2000-2004-cı illərdə bakalavr, 2004-2006-cı illərdə magistr pillələrini fərqlənmə diplomu ilə bitirmiş, 2008-ci ildə AMEA Tarix İnstitutunun əyani doktoranturasına “Vətən tarixi” ixtisası ilə qəbul olmuşdur. Doktorantura təhsili ərzində dissertasiya işini təhsil müddəti başa çatmadan bitirmiş, lakin həmin vaxt Dissertasiya Şurasının fəaliyyətində fasilələr olduğu üçün “Azərbaycan Albaniyasının qərb torpaqları antik dövrdə” adlı fəlsəfə doktoru dissertasiya mövzusunu 2015-ci ildə müdafiə etmişdir. 2017-ci ildə o, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 2023-cü ildə isə, “Vətən tarixi” ixtisası üzrə dosent elmi adına layiq görülmüşdür.
Ellada Bəkirova əmək fəaliyyətinə 2015-ci ilin iyunundan Tarix İnstitutunun Nəşriyyat işləri şöbəsinə böyük laborant vəzifəsi ilə başlamış, 2016-cı ildə əvvəlcə Azərbaycanın qədim dövr tarixi şöbəsinə kiçik elmi işçi, daha sonra isə Təhsil şöbəsinin müdiri təyin edilmişdir. 2021-ci ildə Tarix İnstitutunun elmi katibi vəzifəsinə təyin olunmuş, 2024-cü ilin yanvarına qədər bu vəzifədə qüsursuz çalışmışdır. Ellada Bəkirova həmçinin, 2021-ci ildən Arxeologiya və Antropologiya İnstitutunun strukturuna daxil olan Albanşünaslıq elmi mərkəzinin aparıcı elmi işçisi (0.5 ş.v.) kimi albanşünaslıq sahəsindəki tədqiqatlarda fəal iştirak etmişdir.
O, ölkəmizdə və ondan kənarda keçirilən konfranslarda albanşünaslığın müxtəlif problemləri üzrə məruzələrlə çıxış etmiş, yerli və xarici jurnallarda elmi məqalələri və “Albaniyanın qərb torpaqları (antik dövr)” adlı monoqrafiyası çap olunmuşdur. Hazırda o, “Tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqat üsulları” ixtisası üzrə “Albaniya tarixinin tarixşünaslığı” adlı elmlər doktoru dissertasiya mövzusu üzərində tədqiqatını davam etdirir.
Ellada Bəkirova pedaqoji fəaliyyətlə də məşğuldur. 2016-cı ildən etibarən Bakı Dövlət Universitetinin tarix fakültəsində bakalavrlar üçün “Qədim dünya tarixi”, “Qədim Şərq tarixi”, “Antik tarix” fənləri üzrə, magistrantlar üçün isə “Albanşünaslığın aktual problemləri”, “Bizansın Şərq siyasəti və Azərbaycan”, “Azərbaycan antik yunan-Roma mənbələrində” fənləri üzrə mühazirələr oxumuş, AMEA Tarix İnstitutunun magistaturasında ixtisası üzrə fənlərdən dərs demişdir.