AMEA Arxeologiya və Antropologiya İnstitutunun Numizmatika və Epiqrafika şöbəsi arxeoloji qazıntı işləri zamanı əldə olunmuş numizmatik materialların tədqiqi, paleoqrafik və epiqrafik yazıların oxunması və təhlili, qədim və orta əsrlər dövründə mövcud olmuş müxtəlif yazı nümunələri və növlərinin öyrənilməsi, antik, ilk orta əsr və orta əsrlərə aid heraldika nümunələri, müxtəlif simvol və işarələrin elmi baxımdan tədqiqata cəlb edilməsi, tarixi onomastika, metrologiya və sfragistika sahələrində elmi araşdırmaları aparır.

Arxeoloji paleoqrafiya müasir arxeoloji tədqiqatların tərkib hissəsi kimi bir istiqamət olaraq dünya təcrübəsində tətbiq olunan sahədir. Arxeoloji qazıntı işləri zamanı aşkar olunan qədim yazı nümunələri, əlyazma və palimpsestlərin deşifrə olunması, oxunması, qədim yazı nümunələrinin forma və mənşəyinin, dilinin müəyyən edilməsi bu sahədə mühüm elmi istiqamətlərdəndir.

Antik və ilk orta əsrlərdə latın, yunan, Qafqaz albancası, parf, arami və ibranicə, orta əsrlərdə ərəb, fars və türk (Azərbaycan) dillərində paleoqrafik, epiqrafik və numizmatik materialların mövcudluğu bu sahədə tədqiqatların zəruriliyini əsaslandırır. Antik və ilk orta əsrlərə aid Selevki, Parfiya, Makedoniya, Roma, Sasani, Bizans sikkələrinin, orta əsrlərə aid Xilafət pullarının, Şirvanşah, Səlcuqlu, Atabəylər, Hülakü, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilərin sikkələri, xanlıqlar dövrünün numizmatik materialları və müasir dövrün pul tədavülündə olan nümunələrin təhlili və tədqiqi mühüm istiqamətlərdəndir. Bunlarla yanaşı antik və erkən orta əsrlərə, orta əsrlərə aid abidələrdə aparılmış arxeoloji qazıntı işləri zamanı aşkar olunmuş bir sıra işarə, möhür və emblemlərin, sözügedən dövrlərdə mövcud olmuş qədim Azərbaycan dövlətlərinin atributlarının öyrənilməsi, heraldika materialların tədqiqi də xüsusi əhəmiyyət daşıyır.

İndiyə qədər institutda numizmatika elmi üzrə 6 mütəxəssis (tarix üzrə fəlsəfə doktoru) yetişdirilib. Ağsu, Şamaxı, Bakı, Bərdə, Gəncə, Kürdəmir, Cəlilabad, Şəki, Qəbələ, İsmayıllı, Şəmkirdə aşkar edilmiş sikkələrin kataloqu hazırlanıb. Şöbə əməkdaşları Türkiyə, Rusiya, Almaniya, Fransa, Gürcüstan, Qazaxıstan, Türkmənistanda keçirilən beynəlxalq arxeoloji konfranslarda məruzələrlə çıxış etmişdirlər.

Azərbaycanın orta əsrlərə aid memarlıq abidələri, qəbirüstü məzar daşları, arxeoloji materialları, gil saxsı və mis əşyaları üzərindəki ərəb, fars və türkdilli kitabələr tədqiq edilmiş, bunun əsasında Azərbaycanın orta əsrlər dövrü ictimai, siyasi, iqtisadi və sosial tarixinin öyrənilməsi istiqamətində mühüm tədqiqat işləri həyata keçirilmişdir.

Şöbənin əməkdaşları:

  1. Taleh Vasif oğlu Əliyev – şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent
  2. Teymur Ədalət oğlu Quliyev – böyük elmi işçi, tarix üzrə fəlsəfə doktoru
  3. Elnur Kərim oğlu Mustafayev – elmi işçi, filologiya üzrə fəlsəfə doktoru (0.5 ştat)
  4. Afiq Nəsrəddin oğlu Abdullayev – elmi işçi
  5. Sədaqət İsmayıl qızı Məmmədli – elmi işçi (0.5 ştat)
  6. Səbinə Taleh qızı Əliyeva – böyük laborant