Müvafiq şöbə AMEA Rəyasət Heyətinin 2021- ci il 24 noyabr tarixli 20/4 saylı qərarı əsasında “Son Neolit və Xalkolit (Eneolit) dövrü arxeologiyası” adı altında yaradılıb. AMEA Rəyasət Heyətinin 23 aprel 2024-ci il qərarına əsasən adı dəyişdirilərək “Neolit və Xalkolit dövrü arxeologiyası” şöbəsi adlandırılmışdır.
XX əsrin 50-ci illərində başlamış Azərbaycanın erkən oturaq əkinçi-maldar arxeoloji baxımdan öyrənilməsi prosesi bu gündə uğurla davam etməkdədir. Keçən tədqiqat prosesində Şomutəpə və Leylatəpə kimi arxeoloji mədəniyyətlər müəyyənləşdirilmiş, Naxçıvan, Muğan və Qarabağ bölgələrində, ayrı-ayrı abidələrdə aparılmış arxeoloji tədqiqatlar əsasında bu ərazilərdə e.ə. VII- IV minilliklərdə mövcud olmuş lokal mədəniyyətlərin mövcudluğunu sübut edən əsaslı faktlar əldə edilmişdir.
Günümüzə kimi şöbənin müxtəlif adlar altında fəaliyyət göstərməsi səbəbindən problemlər üzrə tədqiqatlar ayrı-ayrı tədqiqatçılar tərəfindən ümumi istiqamət, vahid proqram olmadan aparılmışdır. Əlbəttə keçən zaman müddətində bu dövr problemlərinin tədqiqi istiqamətində nailiyyətlər nail olunub. Belə ki, Muğan ərazisində bir sıra neolit və xalkolit dövrü yaşayış məskənlərinin arxeoloji tədqiqatı başa çatdırılmış, ümumilikdə bu bölgədə e.ə.VI-IV minilliklərdə baş vermiş etnik-mədəni, sosial-iqtisadi məsələlər haqqında əsaslandırılmış fikirlər irəli sürülmüşdür. Abidələrin nisbi və mütləq xronologiyası haqqında müqayisəli təhlil və laborator analizlərin nəticələrinə əsaslanaraq dəqiqləşdirmələr aparılmışdır. Muğan bölgəsinin anoloji abidələrinin tədqiqi indi də davam etdirilir və aparılan bu tədqiqatların nəticələri heç şübhəsiz ki, bu bölgədə mövcud olmuş lokal erkən oturaq əkinçi-maldar mədəniyyətlər haqqında yeni faktların əldə edilməsinə şərait yaradacaqdır.
Qarabağ düzənliyində yerləşən erkən oturaq əkinçi-maldar və Leylatəpə mədəniyyətinə aid abidələrdə aparılmış yeni arxeoloji tədqiqatların nəticələri bu bölgənin e.ə.VI-IV minilliklərdə Qafqazda lokal neolit və xalkolit dövrü mədəniyyətlərinin formalaşmasında impulsverici nüvə funksiyasını daşıyan bir mərkəz olduğunu söyləmək imkanı verir. Qeyd edilən dövrdə cənubdan şimala və ya əksinə ötürülən proqressiv ənənələr, bu ənənələrin ötürülməsində əsas tranzit bölgə funksiyasını yerinə yetirən Qarabağ ərazisində heç şübhəsiz ki, yeni çalarlar
və impuls qazanmış və yerli lokal mədəniyyətlərdə də öz izlərini buraxmışdır. Leylatəpə mədəniyyətinə aid abidələrin geniş miqyaslı arxeoloji tədqiqatı e.ə. IV minillikdə İkiçayarası-Anadolu-Qafqaz arasında baş vermiş etnik-siyasi, mədəni- iqtisadi münasibətlər kontekstində Qafqaz ərazisində yaranmış lokal mədəniyyətlər, Qafqaz üçün yeni olan bu münasibətlərin yayılma istiqamətləri və
xronoloji mərhələləri kimi hələ də mübahisəli olan problem məsələlərin həlli baxımından vacibdir. Çünki, İkiçayarası, Anadolu və Qafqaz arasında bir körpü rolunu oynayan Qarabağ düzənliyində mövcud olan bu dövrə aid abidələri öyrənmədən problem haqqında bitgin mənzərənin bərpası mümkünsüzdür. “Leylatəpə mədəni fenomeni”nin müasir elmin tələblərinə uyğun tədqiqi onun daha aydın şəkildə başa düşülməsini şərtləndirəcəkdir.
Nəzərdə tutulmuş fəaliyyət planına uyğun olaraq aşağıda göstərilmiş istiqamətlər üzrə tədqiqatlar aparmaq şöbənin qarşısında qoyulan əsas vəzifələr kimi müəyyənləşdirilmişdir:
1. Azərbaycan ərazisinin şərti sektorlara bölərək arxeoloji kəşfiyyat işlərinin aparılması:
-Müasir elmin tələblərinə uyğun arxeoloji kəşfiyyat işləri apararaq neolit və xalkolit dövrünə aid yeni abidələrin aşkar edilməsi, elektron qeydiyyatı və xəritələşdirilməsi, toplanılmış materiallar əsasında, neolit və nalkolit dövrü abidələrinin “Məlumat Bazası”nın yaradılması:
2. Yuxarıda adı çəkilən işlərlə parallel olaraq tədqiq edilən dövrə aid abidələrlə bağlı şəkildə regional xarakterli geomorfoloji tədqiqatların aparılması, xammal mənbələrinin araşdırılması:
-Problemin öyrənilməsində həlledici fərq yaratmaq potensialına malik ətraf ərazilərdə arxeoloji axtarışlar, kəmiyyət qiymətləndirilməsi və daimi olaraq kalibrlənmiş refleksiv metodologiyanın tətbiqilə sosial və antropoloji sualları həll edəcək kompleks tədqiqatların təşviqi;
3. Şərti regionlar üzrə problemin öyrənilməsi üçün əsas tədqiqat abidələrinin müəyyənləşdirilməsi və onlarda beynəlxalq elmi tələblər əsasında geniş miqyaslı, stasionar arxeoloji qazıntıların aparılması:
-Arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş maddi-mədəniyyət nümunələrinin müqayisəli təhlili və aparılmış radiokarbon analizlərin nəticəsində toplanılmış bilgilər əsasında Azərbaycanın neolit və xalkolit dövrü abidələrinin nisbi və mütləq xronologiyasının müəyyənləşdirilməsi;
-Cənubi Qafqaz arxeologiyasının ən aktual məsələlərindən biri olan, demək olar ki, bütünlüklə, e.ə. V minilliyi əhatə edən (bəzi bölgələrdə daha çox) “Süküt” və ya “Boşluq” probleminin həlli istiqamətində tədqiqatları genişləndirmək, bu izahı çətin olan “anomaniya”nın səbəblərinin araşdırmaq;
Yuxarıda qeyd olunan məsələlərin həlli nəticəsində Azərbaycan ərazisinin e.ə.VII-IV minilliklərdə iqlimi, geomorfoloji və təbiət prosesləri ilə əlaqəli şəkildə erkən oturaq əhalinin məskunlaşma şərtləri və xronologiyası, bu məskunlaşmanın yayılma istiqamətləri, qonşu ərazilərlə etnik-mədəni münasibətlər və sosial-mənəvi inkişaf kimi mühüm problemləri vahid konsepsiya şəklində öyrənmək mümkündür.