26-30 yanvar 2026-cı il tarixlərində Ağdam şəhərindəki “İmarət” Tarix-Memarlıq Muzey ‎Kompleksində elmi tədqiqatlar davam etdirlir. AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Pərviz Qasımovun rəhbərliyi ilə bir qrup tədqiqatçı alim Ağdam şəhərindəki “İmarət” Tarix-Memarlıq Muzey Kompleksində elmi ezamiyyətdə olmuşdur. A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçiləri – tarix elmləri doktoru, dosent Güntəkin Nəcəfli, t.ü.f.d., dosent Şamil Rəhmanzadə və riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Mehri Xanbabayevanın daxil olduğu heyətin elmi tədqiqatları Azərbaycan Elm Fondunun elan etdiyi “Qarabağ – ‎Azərbaycandır! – 3” qrant müsabiqəsinin qalibi olmuş “Ağdam İmarət Kompleksi ‎‎(tarixi-arxeoloji-epiqrafik tədqiqat)” qrant layihəsi (Qrant № AEF-MQM-QA-3-‎‎2025-3(56)-03/02/5-M-02) çərçivəsində gerçəkləşdirildi.

Alimləri qarşılayan “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinin direktor səlahiyyətlərini icra edən Ağdam Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Ülvi Qədirovla fikir mübadiləsi aparıldı. Tədqiqatçı alimlər bildirdilər ki, hal-hazırki tədqiqalar bir neçə istiqamətdlidir. İlk növbədə İmarət Kompleksinə daxil olan tarixi qəbiristanlıqda erməni işğalçıları tərəfindən vandalizmə məruz qalmış baş daşı və sinə daşları üzərində epitafiyaların tədqiqi davam etdirilməlidir. Bunun üçün epitafik mətnlərin estampı çıxarılmalıdır. Bu mövzu üzrə layihə rəhbəri Pərviz Qasımov “Epitafiya və epiqrafik yazıların öyrənilmə təcrübəsi” mövzusunda mühazirə oxumuşdur.

İkinci tədqiqat istiqaməti — XX əsrdə Komplekslə bağlı respublika arxivlərindəki məlumatların araşdırılmasını ehtiva edır. Region ilə əlaqəli XVIII-XIX və XX əsrin əvvəllərinə aid sənədlərin böyük hissəsi isə, Rusiya Federasiyası və Gürcüstan Respublikası arxivlərində saxlanılır. Bu sənədlərin müəyyən edilməsi və araşdırılması tədqiqatçılar qarşısında duran vəzifələrdən biridir.

Elmi ezamiyyə çərçivəsində tədqiqatçı alimlər İmarət Kompleksindəki erməni vandalizminə məruz qalmış baş daşı və sinə daşları qalıqları üzərindəki epitafiyaların estamplarını çıxarmışlar. Bu tədqiqiat işində “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinin direktor səlahiyyətlərini icra edən Ağdam Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Ülvi Qədirov və Muzey əməkdaşları alimlərə dəstək olmuşlar. Praktiki tədqiqatdan sonra fikir mübadiləsi aparıldı. Ümumi razılığa əsasən, estampların çıxarılması üzrə nəzəri və praktiki təcrübə əldə edən Muzey əməkdaşları ilə tədqiqatçılar arasında elmi əməkdaşlıq davam etdiriləcəkdir.

Xatırladaq ki, işğal dövründə erməni işğalçıları tərəfindən vandalizmə və mədəni soyqırıma (kulturosidə) məruz qalmış Qarabağ xanlarının İmarət Kompleksində 2023-2024-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutu əməkdaşları tərəfindən arxeoloji tədqiqatlar aparılmış, işğalçılar tərəfindən törədilmiş vandazlim aktları qeyd edilmiş və dəfn abidələrinin yeri müəyyənləşdirilmişdir. Dövlət və özəl təşkilatlarının birgə səyi nəticəsində ərazidə erməni işğalçılarının törətdiyi vandalizmin nəticələri aradan qaldırılmış, müasir dünya standartlarının şərtlərinə cavab verən muzey kompleksi inşa edilmişdir. Abidələr kompleksi ərazisində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 20 fevral 2025-ci il tarixli 494 nömrəli Sərəncamına əsasən Mədəniyyət Nazirliyinin balansında “İmarət” Tarix-Memarlıq Muzey Kompleksi yaradıldı.