Ağdam şəhərində İmarət Kompleksinə tədqiqatçı alimlərin elmi səfəri
2025-ci il 20 dekabr tarixində AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Pərviz Qasımovun rəhbərliyi ilə bir qrup alim Ağdam şəhərindəki “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinə elmi səfər etdi.
Elmi heyətə A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçiləri – tarix elmləri doktoru, dosent Güntəkin Nəcəfli, t.ü.f.d., dosent Şamil Rəhmanzadə və riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Mehri Xanbabayeva daxil olmuşlar. Alimləri Qarabağ Regional Mədəniyyət İdarəsinin rəisi Aydın Bəşirov, “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinin direktor səlahiyyətlərini icra edən Ağdam Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Ülvi Qədirov və Ağdam Mədəniyyət Mərkəzinin direktoru Zaur Həsənov qarşılamışlar.
Görüşdə layihə rəhbəri Pərviz Qasımov bildirmişdir ki, Ağdam şəhəri işğaldan azad olunduqdan sonra ərazidə arxeoloji tədqiqatlar aparılmışdır. Arxeologiya və Antropologiya İnstitutunun müasir elmin tələblərinə uyğun apardığı tədqiqatlar tarixi kompleksdə işğalçılar tərəfindən törədilmiş çoxsaylı vandalizm aktlarını üzə çıxardı. Eyni zamanda Qarabağ xanlığı və xanlarının şəcərə tarixinin öyrənilməsi üçün biofaktlar toplanmış və müasir antropoloji və genetik tədqiqatlara cəlb edilmişdir. Abidələr kompleksi ərazisində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 20 fevral 2025-ci il tarixli 494 nömrəli Sərəncamına əsasən “İmarət” Tarix-Memarlıq Muzey Kompleksi yaradıldi. “Hal-hazırda İmarət Kompleksinin tədqiqatlarının ikinci mərhələsi başlanmışdır. Dövlətçiliyimizin tarixi atributlarından biri olan İmarət Kompleksinin tarixi və arxiv məlumatlara əsasən tədqiqat mərhələsinə cəlb olunan mütəxəssislərimiz abidə ilə əyani tanış olmaq üçün Ağdama, İmarət Kompleksinə gəlmişlər”.
Daha sonra “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinin əməkdaşı Aynurə Cəfərovanın müşayəti ilə tədqiqatçı alimlər İmarət Kompleksi ilə tanış olmuşlar. Tanışlıq çərçivəsində P.Qasımov ərazidə aparılmış arxeoloji və antropoloji tədqiqatlar və bu tədqiqatların nəticələri barədə görüş iştirakçılarına geniş məlumat vermişdir.
Elmi səfərin sonunda elmi heyət “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinin direktor səlahiyyətlərini icra edən Ülvi Qədirovla fikir mübadiləsi aparmışlar. Ü.Qədirova Kompleks ərazisində aparılmış arxeoloji tədqiqatları əks etdirən elektron təqdimat və dron vasitəsilə çəkilmiş videofayllar təqdim edilmişdir. Qeyd edək ki, səfər müddətində müvafiq foto çəkilişlər aparılmışdır.













