Aktauda TÜRKSOY-un beynəlxalq elmi tədbirləri: azərbaycanlı alimin məruzələri maraqla qarşılandı
Qazaxıstan Respublikasının Aktau şəhəri “2025-ci il Türk Dünyasının mədəni paytaxtı” elan edilmişdir. Bu münasibətlə silsilə tədbirlərin keçirilməsinə başlanmışdır. 28-29 may 2025-ci il tarixlərində TÜRKSOY-un maliyyə dəstəyi ilə Yesenov ad. Universitetdə “Türk xalqlarının sivilizasiyası və onun dünya mədəniyyəti tarixində yeri“, Otpan Tau tarixi qoruğunda isə “Türk dünyası totemi“ mövzusunda elmi praktik konfranslar keçirildi. Konfranslarda Türkdilli dövlətlərin elm xadimləri, Qazaxıstan Respublikasının dövlət və ictimai xadimləri, Aktau şəhərindəki diplomatik konsulluqların rəhbərləri və diaspora nümayəndələri iştirak etmişdilər.
Beynəlxalq elmi tədbirdə Azərbaycanı AMEA Arxeologiya və Antropologiya İnstitutunun “İlk tunc dövrü arxeologiyası” şöbəsinin müdiri, t.ü.f.d., dosent Səfər Aşurov təmsil edib. O, konfranslarda “Xəzərin qərb sahilində Beşbarmaq abidələr kompleksi” və “Xəzər dənizinin qərb sahillərində müdafiə istehkamları” adlı məruzələrlə çıxış etmişdir. Konfrans iştirakçılarına Xəzərin qərb sahillərində yerləşən müdafiə istehkamları, qalalar, yaşayış yerləri haqqında və bu abidələrin Türk Dünyasında yeri və rolu haqqında geniş məlumat verilmişdir.

English





