21 sentyabr 2022-ci il tarixdə AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Albanşünaslıq Elmi Mərkəzinin növbəti iclası keçirildi.

İclasda Mərkəzin rəhbəri, t.e.d. professor Qafar Cəbiyev aktual problemlərdən və qarşıda duran vəzifələrdən çıxış edərək bildirdi ki, Albaniya tarixinin, alban dövrü abidələrinin öyrənilməsi, onların memarlıq xüsusiyyətlərinin araşdırılması erməni müəlliflərinin saxta yazılarına cavab vermək üçün çox qiymətlidir. Bir ilə yaxındır ki, İnstitutumuzun nəzdində Albanşünaslıq Elmi Mərkəzi yaradılıb. Bu müddət ərzində bir sıra mühüm vəzifələrin həyata keçirilməsinə  baxmayaraq, hələ qarşıda görüləsi çox işlər vardır. Bu sahənin tədqiqi üçün elmi ekspedisiyaların sayı artırılmalıdır. Xarici mətbuat orqanlarında Albaniya dövlətinin Azərbaycanın qədim dövlətlərindən biri olması məsələsi faktlarla sübut edilməlidir. İşğal dövründə təkcə torpaqlarımız deyil, tarixi-mədəni abidələrimiz də erməni vandallarının çirkin əməllərinin qurbanı olub. Bu gün qonşularımız da Albaniya dövlətinə iddialıdırlar. Biz bu şübhələrin aradan qaldırılması üçün Mərkəzin fəaliyyətini gücləndirməliyik.

İclasda iştirak edən İnstitutun baş direktoru, professor Abbas Seyidov bildirdi ki, bugünkü iclasda qaldırılan məsələlər çox aktualdır. Qafar müəllimin dediklərində böyük həqiqətlər var. Qonşularımızın Albaniya dövlətinə iddiaları böyükdür. Lakin onlar bilməlidirlər ki, Albaniya dövləti yarandığı dövrdə əsasən Azərbaycan ərazisində yerləşib. Bu gün də Albaniyanın tarixi coğrafiyasının özəyini Azərbaycan Respublikasının ərazisi əhatə edir.

Baş direktor Albanşünaslıq Elmi Mərkəzinin işlərinə uğurlar arzuladı və tam gücü ilə dəstək olacağını bildirdi.

Bölmə müdirləri, dosent Taleh Əliyev və dosent Natiq Alışov çıxış edərək, qarşıda duran problemlərdən və onların həlli yollarından danışdılar.