AMEA-da Arxeoloji Dərnəyin təqdimat iclası keçirilib
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunda Arxeoloji Dərnəyin təqdimat iclası keçirilib.
Tədbirdə İnstitutun direktoru t.ü.f d., dosent Fərhad Quliyev, İnstitutun elmi katibi t.ü.f.d., dosent Ellada Bəkirova, İnstitutun aparıcı elmi işçiləri t.ü.f.d., dosent Pərviz Qasımov və t.ü.f.d. Yaqub Məmmədov, eləcə də Arxeoloji Dərnəyin təsisçisi və qurucuları: İnstitutun “Elmi ekspozisiyanın təşkili” şöbəsinin müdiri Orxan Zamanov, şöbə əməkdaşları Nuranə Həsənova və Türkan Əliyeva, həmçinin dərnəyin rəhbər heyəti və üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev gənclərin elmi təşəbbüslərinə dəstəyin aktuallığından söz açdı, İnstitut rəhbərliyinin Azərbaycan arxeologiyası və antropologiyası istiqamətində gənclərin hər bir rasional novator ideyalarının reallaşmasında öz köməyini əsirgəməyəcəyini qeyd etdi. İclas çərçivəsində Arxeoloji Dərnəyin yaradılma məqsədi, struktur quruluşu və fəaliyyət istiqamətləri barədə təqdimat formatında məlumat verildi. Bildirilib ki, dərnək arxeoloji irsin elmi əsaslarla təbliği, ictimai maarifləndirmə işinin gücləndirilməsi və gənclərin arxeologiya sahəsinə cəlb edilməsi istiqamətində fəaliyyət göstərəcək.
Tədbirdə dərnəyin sədri Könül İbrahimlinin və katibi Nəzrin Quliyevanın gələcək fəaliyyət və layihələr ilə bağlı məruzələri dinlənildi, eləcə də, dərnək üzvlərinin arxeologiya və maddi-mədəni irsin təbliği və qorunması ilə bağlı layihə ideyaları və konseptual təqdimatları nümayiş olundu. Bunlar sırasında Aysel Həsənovanın “Arxeoloji abidələrin monitorinq platforması”, Mətanət Teymurlunun “Keçmişin sədası”, Saləddin Qoçuzadənin “Qarabağ irsi 360o” təqdimatları böyük maraqla qarşılandı. Qeyd olunan konsepsiyalar və layihələr ətrafinda institutun direktorunun yaxından iştirakı ilə müzakirələr aparıldı və bu zaman yeni layihə təklifləri səsləndirildi və onların icrası üzrə ilkin qərarlar qəbul olundu. Layihələr ətrafında çıxış edən t.ü.f.d. Yaqub Məmmədov elmi-populyar müstəvidə Azərbaycanın arxeoloji abidələr xəritəsinin yaradılmasının əhəmiyyətini qeyd etdi. İştirakçılar dərnəyin fəaliyyətinin sistemli və mərhələli şəkildə təşkilinin vacibliyini vurğuladılar.
Tədbirin sonunda AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev təqdim olunmuş layihələr barədə fikir və tövsiyyələrini bildirdi.



















