Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Arif Akim oğlu Abbasov, 1937-ci il,  dekabrın 22-də Naxçıvan şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin (indiki Baki Dövlət Universiteti) Tarix fakültəsinə 1956-cı ildə daxil olan A.Abbasov, 1961-ci ildə Azərbaycan Elmlər Akademiyasının Tarix institututunda işə qəbul olunmuş və bütün sonrakı həyatını elmə həsr etmişdir.

Təcrübə keçmək üçün  A.Abbasov Moskvaya, SSRİ EA-nin Etnoqrafiya və Antropologiya İnstitutuna ezam edilmiş, oradan qayıtdıqdan sonra etnoqrafiyanın Azərbaycanda yeni olan etnososialoji və etnomədəni proseslər istiqamətləri üzrə araşdırmalar aparmışdır.

A.Abbasov 1974-cü ildə Tbilisi şəhərində “Azərbaycan dağ mədən sənayesi işçilərinin müasir məişət və mədəniyyəti” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətində Elm tarixi üzrə Elmi Şuranın elmi katibi vəzifəsində çalışdıqdan sonra o, 1978-ci ildə yenidən Tarix İnstitutuna qayıtmış və burada elmi işlər üzrə direktor müavini vəzifəsində işə başlamışdır.

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1982-ci il 25 may tarixli qərarına əsasən Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya Sektoru nəzdində Etnososioloji tədqiqatlar şöbəsi yaradılmış və şöbəyə rəhbərlik A.Abbasova həvalə edilmişdir. 1993-cü ildə isə Arxeologiya və Etnoqrafiya Sektoru İnstituta çevrilmiş və A.Abbasov həmin İnstitutun ilk direktoru olmuşdur.

A.Abbasov 1995-ci ildə “Azərbaycanın yeni şəhərlərinin həyat tərzi (etnososioloji tədqiqat)” mövusunda doktorluq dissertasiyasını müdafiə edərək tarix elmləri doktoru alimlik dərəcəsi almış,  2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

Müasir Azərbaycan etnoqrafiya elminin inkişafında böyük xidmətləri olan A.Abbasov, Azərbaycan etnoqrafiyasının bir sıra problemləri, o cümlədən etnososialoji, etnomədəni, etnodemoqrafik və etnostatistik proseslərin ilk dəfə araşrırılmasi məhz A.Abbasova məxsusdur.

A.Abbasov Ümummilli Liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində reallaşan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin keçdiyi ərazilərin arxeoloji abidələrinin tədqiqi ilə bağlı geniş fəaliyyət proqramı həyata keçirmişdir. O, dəfələrlə Fransa, Türkiyə, İtaliya, Rumıniya, Polşa, Almaniya, ABŞ və s. ölkələrdə keçirilən beynəlxalq konfrans və konqreslərdə Azərbaycan etnoqrafiya elmini layiqincə təmsil etmişdir.

1998-ci ildə Arxeologiya Etnoqrafiya İnstitutunun təşkilatçılığı ilə “Azərbaycanlılar”adlı ümumiləşdirici fundamental monoqrafiyanın baş redaktoru olmuşdur.

AMEA-nın müxbir üzvü Arif Abbasov 2005-ci il aprelin 21-də vefat etmişdir. Allah rəhmət eləsin!