Azərbaycan arxeologiya elminin tanınmış simalarından biri, tarix elmləri doktoru, professor Arif Məhəmməd oğlu Məmmədov 25 fevral 1961-ci ildə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində anadan olmuşdur.

1987-ci ildə  Bakı Dövlət Universitetinin tarix fakültəsini (axşam şöbəsi) bitirmişdir. 1984-cü ildən müntəzəm olaraq AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda laborant, baş laborant, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışmışdır. 2004-cü ildən 2021-ci ilə qədər İnstitutun “İlk orta əsrlər arxeologiyası” şöbəsinin, 2021-2024-cü illərdə “Orta əsrlər arxeologiyası” şöbəsinin müdiri olmuş, 2024-cü ildən etibarən yeni yaradılan “İlk orta əsrlər dövrü arxeologiyası” şöbəsinin müdiri kimi fəaliyyətini davam etdirmişdir.

A.M.Məmmədov 1992-ci ildə MEA Tarix İnstitutunun İxtisaslaşdırılmış Müdafiə Şurasında “Şərqi Gəncəbasar IV-XIII əsrlərdə (tarixi-arxeoloji tədqiqat)” adlı namizədlik dissertasiyasını müdafiə edərək tarix üzrə fəlsəfə doktoru, 2004-cü ildə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İxtisaslaşdırılmış Müdafiə Şurasında “Qoşqarçay və İncəçay hövzələrinin tarixi-arxeoloji tədqiqi (III-XVII əsrlər)” adlı dissertasiya mövzusunu müdafiə edərək 2005-ci ilin yanvar ayında tarix elmləri doktoru alimlik dərəcəsi almışdır. 2010-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə A.M.Məmmədova professor elmi adı verilmişdir. A.M.Məmmədov 2008-2010-cu illərdə həm də AMEA Gəncə Regional Elmi Mərkəzin Arxeologiya və Etnoqrafiya şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

A.M.Məmmədov 170 elmi əsərin, o cümlədən, “Gəncəbasar IV-XIII əsrlərdə (tarixi-arxeoloji tədqiqat)” (Bakı, 1993), “Gəncə və ətrafının tarixi- arxeoloji tədqiqi (Ən qədim dövrlərdən – XIX əsrə qədər)” (Gəncə, 2008), “Bərdə (tarixi-arxeoloji tədqiqat)” (Bakı, 2008), “Gəncəbasarın alban dövrü xristian abidələri” (Bakı, 2000), “Salyan (tarixi- arxeoloji tədqiqat)” (Bakı, 2011), “Gəncə qədim və orta əsrlərdə” (Bakı, 2010) , “Tərtər bölgəsinin antik və orta əsr abidələri” (Bakı 2016), “Hadrut (tarixi-arxeoloji tədqiqat)” (Bakı. 2022) və s. adlı 14 monoqrafiyanın, 6 elmi-publisistik əsərin, həmçinin, Ali məktəblər üçün «Arxeologiya və Etnoqrafiya» dərsliyinin müəllifdir.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Sumqayıt Dövlət Universitetində mühazirələr oxuyub. O, 2000-2015-ci illərdə Azərbaycan Müəllimlər İnstitutu Sumqayıt filialında İctimai fənnlər kafedrasının müdiri işləyib, Lənkəran Dövlət Universitetinin professorudur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bərdə və Salyan rayonlarına səfəri çərçivəsində həm də Arif Məmmədovun həmin şəhərlərdə apardığı arxeoloji qazıntıların nəticələri ilə tanış olmuş və görülən işləri yüksək qiymətləndirmişdir.

Arif Məmmədov, təxminən 40 ildən çox müddətdirki, arxeologiya və tarix elmi sahəsində tədqiqatlar aparır. Bu müddət ərzində hər il ardıcıl olaraq Azərbaycanın müxtəlif bölgələrində aparılan arxeoloji qazıntı və çöl-tədqiqat işlərində iştirak edir.