AMEA Arxeologiya və Antropologiya İnstitutunda Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan İnstitutun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev 1993-cü il 15 İyun tarixində Azərbaycan xalqının və dövlətinin taleyində mühüm bir hadisənin baş verdiyini bildirdi. “O dövrdə respublikamız ciddi təhlükə altında idi. Arxasında dünya gücləri durmuş erməni işğalı, respublikanın  cənubunda və şimalında gizli və açıq şəkildə separatçı hərəkatlar, Gəncə üsyanı, hərbi və dövlət idarəçiliyində tam xaos – bu kimi təhlükələr dövlətin mövcudluğunu sual altında qoymuşdu. Belə bir ağır dövrdə dövlətimizin başında Heydər Əliyevin durması xalqımızı və respublikamızı sonsuz fəlakətlər burulğanından xilas etdi. Çağdaş günlərdəki iqtisadi inkişafımız, torpaqlarımızın işğaldan azad edilməsi, dövlətimizin dünyada bölgənin və geopolitik məkanın sayıb-seçilən qüvvə mərkəzlərindən birinə çevrilməsi – bütün bu möhtəşəm uğurların əsası məhz, 15 iyunda qoyuldu” – deyə Fərhad Quliyev bildirdi.

Daha sonra İnstitutun şöbə müdiri tarix elmləri doktoru, professor Əsədulla Cəfərov 1993-cü il 15 iyunda xalqın Ümummilli Lider Heydər Əliyevi Bakı aeoroportunda qarşıladığının şahidi olduğunu bildirdi. “İnsanların gözündə səmimi ümid və sevinc hissləri var idi” – deyə professor Ə.Cəfərov vurğuladı. Professor Ə.Cəfərov həmin ağır günlərdə Azərbaycan xalqının Ümummilli Liderə olan  etimadı və ümidinin bizim bu günki qələbələrimizin rəhni olduğunu qeyd etdi.

İnstitutun aparıcı elmi işçisi, t.ü.f.d. Pərviz Qasımov həmin dramatik dövrdə kənar düşmən qüvvələr tərəfindən körüklənən daxili qarşıdurma barədə söz açdı. O dövrdə Heydər Əliyevin xalqın çağırışı ilə hakimiyyətə gəlməsinin həqiqətən də Millətin və Dövlətin Qurtuluşu olduğunu vurğuladı.