2025-ci ilin 31 yanvarında AMEA Arxeologiya və Antropologiya İnstitutunun İçərişəhərdə yerləşən Muzey-sərgi zalında tətbiqi hədəflənən elmi-praktik təcrübə və onunla bağlı ilk “Könüllülük proqramı” elan olunmuşdur. Elan vasitəsilə müsabiqə şərtləri və qeydiyyat forması ictimaiyyətə təqdim edilmişdir. Proqramda iştirak edən könüllülərə AMEA Arxeologiya və Antropologiya İnstitutu adından sertifikat və tövsiyə məktubu, ən uğurlu könüllülərə isə mükafat və diplom veriləcəyi bildirilmişdir. İki hissədən ibarət “Könüllülük proqramı”nın ilk hissəsində seçilən namizədlərə akademik təlimlər və muzey işi ilə bağlı ustad dərsləri keçilməsi, daha sonra isə onların Muzey-sərgi zalında əyani fəaliyyəti planlaşdırılmışdı.

2025-ci ilin 27 fevrlında “İçərişəhər” Muzey Mərkəzinin dəstəyi ilə qeyd edilən elanın məzmununa uyğun “Könüllülük proqramı”nın mətbuata rəsmi açılışı oldu. Sözügedən Proqram çərçivəsində AMEA Arxeologiya və Antropologiya İnstitutu ilk dəfə olaraq muzey bələdçiliyi istiqamətində könüllülük fəaliyyətini təşviq edən fəaliyyət başlanmışdır. Muzey işi sahəsində praktiki və nəzəri biliklərə yiyələnməyi hədəfləyən, gələcəkdə özünü bu sahədə inkişaf etdirmək istəyən, arxeologiyaya və tarixi artefaktlarla işləməyə marağı olan gənclər elan olunmuş müsabiqəyə xüsusi hazırlanmış forma üzərindən müraciət etmişdilər və qəbul olunmuş 150-yə yaxın müraciət arasından akademik münsiflər heyəti tərəfindən 60 gənc təlimlərə cəlb olunmuşdur. Təlimlər AMEA Arxeologiya və Antropologiya İnstitutunun yüksək ixtisaslı, peşəkar mütəxəssiləri tərəfindən və eləcə də AMEA Radiasiya Problemləri İnstitutunun, Azərbaycan Milli Tarix Muzeyinin, Xəzər Universitetinin və müstəqil ekspertlərinin iştirakı ilə xüsusi seçilmiş mövzular əsasında həyata keçirilmişdir. Bu mövzulara akademik arxeologiyanın problemləri ilə fənnlərarası, interaktiv, praktik səpgidə muzey işi və turizm bələdçiliyi ilə bağlı istiqamətlər də daxil edilmişdir.

Həyata keçirilən “Könüllülük proqramı”nın işinə dəstək olmaq üçün  Xəzər Universitetinin Humanitar, Təhsil və Sosial Elmlər fakültəsinin tarix müəllimliyi ixtisasının dördüncü il tələbələri AMEA Arxeologiya və Antropologiya İnstitutunun “Elmi Fond və Ekspozisiya” şöbəsinin layihə üçün seçilmiş heyətilə birgə fəallıq göstərmiş və təşkil olunan tədbirlərdə səmərəli istirak etmişdilər. Eləcə də, institutun direktoru PhD, Dos. Fərhad Quliyev və Elmi katibi PhD, Dos. Ellada Bəkirova başda olmaqla akademik şöbələrin seçilmiş əməkdaşları – PhD. Yaqub Məmmədov, Fidan Əliyeva, Mircavid Ağalarov fəal şəkildə müsahibələrdə münsif kimi iştirak etmişdilər.

Elmi-praktik təlimlərin əsas hissəsi AMEA əsas inzibati binasındakı elmi zallarda, qalan təlim və kurslar isə AMEA Arxeologiya və Antropologiya İnstitutunun İçərişəhərdə yerləşən Muzey-sərgi zalında təcrübi-dərslər şəklində təşkil olunmuşdur. Təlimlərin uğurla başa çatmasının ardınca aprel ayından etibarən muzey işi üçün ən uyğun könüllülər AMEA Arxeologiya və Antropologiya İnstitutunun Muzey-sərgi zalında praktiki təcrübəyə cəlb olunacaqlar.