AMEA Arxeologiya və Antropologiya İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan İnstitutun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev Ümummilli Liderin Azərbaycan dövlətinin formalaşmasında, qorunmasında və inkişafında misilsiz rolunu qeyd etdi. Fərhad Quliyevin təklifi ilə tədbir iştirakçıları  Ümummilli Liderin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Daha sonra İnstitutun İslam dövrü arxeologiyası şöbəsinin müdiri t.e.d., professor Qafar Cəbiyev söz alaraq Ulu Öndər Heydər Əliyevin hələ sovet dönəmində Azərbaycan tarixinə və arxeologiyasına göstərdiyi diqqət və qayğıdan söz açdı. Xüsusi olaraq professor Q.Cəbiyev vaxtilə Qəbələdə SSRİ ordusunun RLS-nin tikintisi zamanı qədim şəhər yerinin təhlükə ilə üzləşdiyindən və qədim abidəni xilası naminə Heydər Əliyevin nümayiş etdirdiyi qətiyyətli mövqeyindən danışdı.

İnstitutun Xəzər arxeologiyası şöbəsinin müdiri t.e.d., professor Abbas Seyidov Ümummilli Lider Heydər Əliyevin həyat mərhələləri barədə məlumat verdi. Professor A.Seyidov xüsusi olaraq vurğuladı ki, Heydər Əliyevin yaxın qohumları sırasında 1918-ci il erməni millətçilərinin törətdiyi qırğınların şahidləri və şəhidləri də var idi. Natiq qeyd etdi ki, həyatının hər bir mərhələsində Ümummilli Lider Vətəninə və xalqına xidmət etmişdir.

İnstitutun Məhkəmə arxeologiyası şöbəsinin müdiri, t.ü.f.d. Akif Quliyev çıxışında bildirdi ki, 1993-cü ildə Azərbaycanın dünyanın siyasi xəritəsindən silinməsi təhlükəsinin qarşısını məhz Heydər Əliyevin müdrik siyasəti aldı. Akif Quliyev qeyd etdi ki, məhz həmin dövrdən də hər bir gün işğal altında olan torpaqlarımızın azadlığı üçün uzun bir yola başlanıldı.

Tədbirin iştirakçıları Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasi kursun  Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladılar. Azərbaycan Respublikasının iqtisadi və mədəni inkişafı, idarəçilikdə aparılan modern islahatlar bu uğurları nümayiş etdirməkdədir. Bu uğurlar içində isə, 44 günlük II Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuzun torpaqlarımızı azad edərək yağı düşmən üzərində qazandığı möhtəşəm qələbə xüsusi yeri tutur.