Arxeologiya və Antropologiya İnstitutunda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir iştirakçıları Ulu Öndərin və şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan institutun direktoru t.ü.f.d., dosent Fərhad Quliyev bildirib ki, bu gün AMEA rəhbərliyinin heyəti ilə birgə Ulu Öndərin Fəxri Xiyabanda yerləşən abidəsinin ziyarətində iştirak edib. Fərhad Quliyev çıxışında bildirdi: “Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi üçün gördüyü işlər misilsizdir. Dövlətimizin müstəqilliyi, iqtisadi yüksəlişi və ərazi bütövlüyünün təmin edilməsi uğrunda Heydər Əliyevin əsasını qoyduğu böyük mücadilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev siyasi və hərbi qələbələri ilə nəticələndi.
Daha sonra Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının Arxeologiya və Antropologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədri, t.ü.f.d., dosent Bəxtiyar Cəlilov çıxış edərək Ulu Öndərin hakimiyyətə ikinci qayıdışı ərəfəsində Azərbaycanın bir dövlət kimi siyasi xəritədən silinməsi təhlükəsi qarşısında olduğunu xatırlatdı. “Məhz Ümummilli Liderin siyasi təcrübəsi və fitri istedadı hesabına Dövlətimiz məhv olmaq təhlükəsindən xilas oldu. Azərbaycan xalqının gələcək nəsilləri dərin minnətdarlıq və hörmət hissi ilə Ümummilli Liderin xatirəsini yad edəcəklər” – deyə Bəxtiyar Cəlilov vurğuladı.
İnstitutun şöbə müdiri, t.ü.f.d., dosent Bəhlul İbrahimli öz çıxışında bildirdi ki, hələ sovetlər dönəmində Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanın hər bir güşəsində xalqın maddi rifahının yüksəlməsi ilə əlamətdar oldu. B.İbrahimli bildirdi: “Sovetlər dönəmində Ulu Öndərin apardığı mahir iqtisadi siyasət nəticəsində gələcək müstəqil Azərbaycan Respublikasının iqtisadi və hərbi müstəqilliyinin əsasları təşəkkülünü tapdı”.
İnstittuun şöbə müdiri t.e.d., professor Əsədulla Cəfərov çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycan arxeologiyasına verdiyi diqqəti və qayğını dilə gətirdi. “Azərbaycanda arxeologiya elminə diqqət və abidələrin mühafizəsi sovetlər dönəmində məhz Heydər Əliyevin hakimiyyətdə təmsil olduğu dövründə ən yüksək zirvəsinə çatdı” – deyə professor Əsədulla Cəfərov vurğuladı.
İnstitutun aparıcı elmi işçisi t.ü.f.d., dosent Şamil Nəcəfov Azərbaycan gənclərinin müasir biliklərə yiyələnməsi yönündə Heydər Əliyevin gördüyü işlərdən söz açdı. Həmçinin, Ulu Öndərin Azərbaycan tarixində müstəsna roluna toxunan Ş.Nəcəfov dedi: “Ümumilli lider Azərbaycan dövlətinin uzun müddətli siyasi strategiyasını təyin edib və bu gün də həmin strategiya Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən davam etdirilməkdədir”.
İnstitutun aparıcı elmi işçisi t.ü.f.d., dosent Anar Ağalarzadə çıxışında bildirdi ki, Neftçala rayonu Heydər Əliyev Muzeyində çalışdığı dövrlərdə Ulu Öndərin rayon zəhmətkeşləri ilə görüşü barədə çoxlu arxiv sənədləri ilə tanış olub. “Bu sənəd və fotolarla tanışlıq Ulu Öndərin xalqa nə qədər yaxınlığını və onun üçün Azərbaycan xalqının maraqlarının müdafiəsinin daim prioritet olduğunu bir daha sübut edirdi” – deyə Anar Ağalarzadə qeyd etdi.
İnstitutun aparıcı elmi işçisi t.ü.f.d. Dürdanə Yusifova çıxışında qeyd etdi ki, Heydər Əliyevin dövlətçilik sahəsində gördüyü işlər kitablara, filmlərə sığmaz. “Heydər Əliyevin illərlə bu günkü dövlətimizə verdiyi töhfə onun layiqli davamçısı tərəfindən davam etdirilir və biz də dövlətçiliyimizin qorunmasında müsəlləh əsgər kimi cənab Prezidentimiz İlham Əliyevin yanındayıq” – deyə Dürdanə Yusifova bildirdi.
İnstitutun şöbə müdiri t.ü.f.d. Təvəkkül Əliyev isə çıxışında qeyd etdi ki, sovet dönəmində Heydər Əliyevin hakimiyyətə gəlişi respublikada təhsil sahəsində obyektivliyin və şəffalığın yaradılması ilə yadda qalmışdı. “Hakimiyyətə ikinci dönüşündən sonra keçirilən ilk səsvermədə mən tərəddüd etmədən onun namizədliyinə səs verdim. Çünki mənim kimi milyonlarla azərbaycanlıda inam var idi ki, müharibəyə, ağır siyasi və iqtisadi şəraitə, torpaq itkilərinə baxmayaraq, əgər Heydər Əliyev hakimiyyətə gəlibsə, gec-tez sabitlik, inkişaf mühiti yaranacaq, qüdrətlənəcəyik və böyük uğurlara imza atacağıq. Ona inamımız özünü doğrultdu” – deyə Təvəkkül Əliyev vurğuladı.
















