Arxeologiya və Antropologiya İnstitutunun beynəlxalq dövrü elmi jurnalının ikinci sayı nəşr edilib
AMEA Arxeologiya və Antropologiya İnstitutunun ingilisdilli “Tempus Pontem: Azerbaijan Journal of Archaeology and Anthropology” – “Zaman körpüsü: Azərbaycan Arxeologiya və Antropologiya Jurnalı” adlı beynəlxalq elmi resenziyalı dövrü dərgisinin ikinci sayı işıq üzü görmüşdür. Redaksiya heyətində Azərbaycanın, Türkiyənin, Özbəkistanın, Yaponiyanın, İtaliyanın, ABŞ-ın və Almaniyanın tanınmış arxeoloqları və antropoloqları təmsil olunan jurnalın bu sayında Azərbaycanda arxeologiya və antropologiya sahəsi üzrə tədqiqatların nəticələri barədə məqalələr öz əksini tapıb. Məqalələrin müəllifləri sırasında azərbaycanlı tədqiqatçılar ilə yanaşı ABŞ, Türkiyə və İran İslam Respublikası tədqiqatçıları yer almışlar. İngilisdilli jurnalın onlayn platforması olan ajaa.az rəsmi vebsaytında jurnalın bu sayındakı PDF formatında məqalələr OJS platformasının verdiyi imkanlar çərçivəsində CrossRef, Google Scholar, ORCID və s. axtarış, data sistemi və indeksləşmə bazalarına inteqrasiya olunmuş və beynəlxalq oxucu kütləsi üçün açıq əlçatarlıqdadırlar (open access). Qeyd edək ki, elmi jurnal müasir dünya standartlarına uyğun jurnal metadataları (Journal metadata), dərc detalları (Publication details), identifikatorlar (Journal identifiers: ISSN, DOI və d.) və müasir jurnal xüsusiyyətləri (Journal specifications) ilə təmin edilmişdir. Məqalələr sosial və davranış elmləri üçün qəbul edilmiş APA stili, yəni, Amerika Psixoloqlar Assosiasiyasının tövsiyə və qaydaları üzrə tərtib olunublar. Jurnalın Baş redaktoru AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru, Almaniya Arxeologiya İnstitutunun müxbir-üzvü, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyevdir.1







