“Geototal MMC” və Çin Respublikasının “Gintec” şirkəti tərəfindən təşkil olunan “Gintec texnologiyaları ilə yeni ölçmə imkanları” adlı təlim keçirilmişdir. Təlimdə AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Zaur Həsənov və İnstitutun doktorantı Nərmin Məmmədli iştirak ediblər. Təlim Çin geodeziya mütəxəssisləri tərəfindən aparılmış, iştirakçılara müasir ölçmə texnologiyalarının tətbiqi və yeni nəsil cihazların funksional imkanları barədə ətraflı təqdimatlar təqdim olunmuşdur.

Tədbirin məqsədi geodeziya və topoqrafiya sahəsində istifadə olunan Gintec markalı avadanlıqların yeni modellərinin təqdimatı, onların texniki xüsusiyyətlərinin nümayişi və mütəxəssislərlə təcrübə mübadiləsinin aparılması olmuşdur.

Qeyd edək ki, Arxeologiya və Antropologiya İnstitutu topoqrafik xəritələrin yaradılması məqsədilə Gintec şirkətinin istehsal etdiyi GNSS “G40 Plus” cihazını satın alma vasitəsilə əldə etmişdir. Zaur Həsənovun rəhbərliyi altında bu avadanlıq vasitəsilə Azərbaycan Elm Fondu tərəfindən maliyyələşdirilən “Qarabağın Dəmir dövrü kurqanları: Füzuli rayonu Yedditəpə abidəsi və ətraf ərazilərin arxeoloji tədqiqi” adlı layihə çərçivəsində Qarabağın işğaldan azad olunmuş ərazilərində arxeoloji tədqiqatlar aparılacaq. Layihənin 2025-ci ilin noyabr ayında başlanması və iki il müddətində davam etməsi planlaşdırılır. Təlimdə iştirak İnstitut əməkdaşları üçün praktiki biliklərin artırılması, müasir ölçmə texnologiyalarının arxeoloji tədqiqatlarda tətbiqinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.