Hazırda arxeoloji tədqiqatlarda yeni, müasir cihaz və texnologiyalardan istifadə halları genişlənir. Bunu həm çöl tədqiqatlarında, həm də laboratoriya analizlərinin aparılmasında müşahidə etmək olar.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Arxeologiya və Antropologiya İnstitutu Çöl tədqiqatlarının monitorinqi və qiymətləndirilməsi şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Təvəkkül Əliyev söyləyib. O bildirib ki, tədqiqat sahəsini, xüsusilə alt mədəni qatları öyrənmək, 3D xəritələrini yaratmaq üçün “Lidar” adlı cihazdan istifadə edilir. Yaxud Ground-Penetrating Radar (GPR) cihazı yeraltı strukturları, divarları, qəbir yerlərini qazıntı aparmadan görməyə imkan verir. Kameralarla, xüsusi sensorlarla təchiz olunan dronlar qısa vaxtda tədqiqat sahələrini araşdırmağa, müşahidə aparıb xəritələr tərtib etməyə şərait yaradır. Müəyyən ölçü alətləri (məsələn, Total station, GPS) koordinatları, artefaktların yerlərini dəqiq müəyyən edib GİS məlumat sisteminə ötürməyə imkan verir.

Qazıntı planlarının təhlilində, artefaktların işlənməsində süni intellekt və digital alətlərin köməyindən getdikcə daha çox istifadə olunur. Beləliklə, arxeoloji tədqiqat prosesində istifadə edilən yeni, müasir cihazlar geniş sahədə qazıntı aparmadan abidə haqqında kifayət qədər dolğun məlumat toplamağa imkan verir.

MƏNBƏ: azertag.az