Atropatena tarixinə aid bir küp məzarı haqqında məqalə nüfuzlu beynəlxalq jurnalda çap olunub
Azərbaycanın cənub-şərqində, Muğan düzündə, Masallı rayonunun Eminli kəndi ərazisində, kənd sakinlərindən birinin həyətyanı sahəsində təsərrüfat işləri zamanı təsadüfən aşkarlanmış bir küp qəbir haqqında dünyanın nüfuzlu arxeoloji dərgisi olan “ANTIKE WELT” jurnalının 2025-ci ilin 4-cü sayında alman dilində məqalə işıq üzü görüb.
Şimali Kipr Türk Respublikasının Arkın Yaradıcı Sənətlər və Dizayn Universitetinin professoru Latife Summerer və AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçiləri, t.ü.f.d., dosent Anar Ağalarzadə və t.ü.f.d., dosent Dmitriy Kiriçenkonun həmmüəllifliyi ilə çap olunmuş “Xəzər dənizi sahilində tapılmış bir küp məzarı” adlı məqalədə, Eminli küp qəbrinin tapılma tarixi, onun tarixi xüsusiyyətləri, coğrafi yerləşmə arealı haqqında geniş məlumatlar verilib. Məqalədə qeyd olunur ki, Azərbaycanın antik dövr tarixinin öyrənilməsində küp qəbirlərin tədqiqi xüsusi əhəmiyyətə malikdir. Təsadüfi deyildir ki, Azərbaycan ərazisində indiyədək alimlər tərəfindən yüzlərlə küp qəbri açılmış və tədqiq edilmişdir. Küp qəbirlərin daha qədim nekropollarının Cənubi Azərbaycanda, Mil və Muğan düzlərində, Naxçıvanda və Talış dağları zonasında aşkar edilməsi Şimali Azərbaycana bu dəfn adətinin cənubdan yayıldığını göstərir. Qədim Şərq ölkələrinin inkişaf etmiş mədəniyyətlərinin qərb və şimala doğru yayılmasında mühüm rol oynayan antik dövr ticarət yollarından birinin Mil-Muğan düzlərindən keçməsi şübhəsiz ki, həmin ərazidə öz təsirini göstərməli idi və bütün bunlar da bölgənin abidələrində öz təsdiqini tapır.
Qeyd etmək lazımdır ki, Arxeologiya və mədəniyyət tarixinin bütün sahələrinin dəyərli tapıntılarını təqdim edən “ANTIKE WELT” jurnalında tanınmış mütəxəssislərin beynəlxalq arxeologiya dünyasında möhtəşəm tapıntıları, ən son tədqiqatları və qazıntıları haqqında hesabatları çap olunur.
Mənbə: science.gov.az

English





