Beynəlxalq Elsevier elmi bazasına daxil Niderlandın ingilisdilli “Arxeologiya Elmi Jurnalı: Hesabatlar” (Journal of Archaeological Science: Reports) jurnalının son sayında “Qərbi Azərbaycanın (Cənubi Qafqazın) Orta Paleolit dövründə obsidianın əldə edilməsi və mübadiləsi” (Procurement and exchange of obsidian in the Middle Palaeolithic of western Azerbaijan (South Caucasus)) başlıqlı tədqiqat məqaləsi dərc edilib. Məqalə müəllifləri sırasında AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Azad Zeynalov, Azərbaycan Elm və Təhsil nazirliyinin akademik H.Əliyev ad. Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Rəşid Fətəliyev də vardır. Azərbaycanlı alimlərlə yanaşı müəlliflər sırasında Rusiya EA-nın Sibir bölməsinin V.S.Sobolev ad. Mineralogiya və Geologiya İnstitutunun böyük elmi işçisi, geologiya elmləri doktoru Yaroslav Kuzmin və Missuri Universiteti (ABŞ) Tədqiqat Reaktor Mərkəzinin Arxeometriya laboratoriyasının tədqiqat professoru Michael D. Glascock da yer almışlar.

Nəticələri elmi jurnalda dərc edilmiş tədqiqatın əsas məqsədi – Orta Paleolit dövründə Neandertal insanları tərəfindən obsidian (dəvə gözü) vulkanik şüşəsinin alət istehsalı üçün əldə edilməsi yollarının aydınlaşdırılması idi.

Azərbaycanın qərb hissəsində yerləşən və təxminən 140 000 – 40 000 il əvvələ aid olduğu ehtimal edilən dörd əsas orta paleolit abidəsindən — Daşsalahlı (Qazax rayonu), Tağlar (Xocavənd), Qazma (Naxçıvan, Şərur) mağaraları və Kəlbəcərdəki Zar kahası (qrotu) — tapılmış obsidian artefaktlarının (85 nümunə) mənşəyini müəyyən etmək məqsədilə rentgen-flüoresans analizi üsulu tədbiq edilmişdir. Bu üsul ilə neandertal populyasiyaları düşərgələrindən tapılmış qaşov, bıçaq və d. deşici, kəsici alət kimi istifadə edilən obsidian nümunələrinin hansı yataqlardan olması dəqiqliklə müəyyən edilir. Analizlər ABŞ-da aparılıb.

Analizlərin nəticələrinə görə, Azərbaycan ərazisində Orta Paleolitdə yaşamış Neandertal insanları 10 obsidian yatağından istifadə etmişlər. Əsas xammal mənbələri istifadə yerlərindən (mağara düşərgələrindən) təxminən 20–160 km məsafədə yerləşirdi. Nümunələrin böyük əksəriyyəti (təxminən 92%) bunu göstərməkdədir. Bəzən isə birbaşa məsafəsi təxminən 350–400 km olan uzaq iki mənbədən də istifadə olunurdu. Məsələn, Tağlar mağarası ilə Şərqi Anadoludakı Sarıqamış və Gürcüstandakı Çikiani obsidian mənbələri arasında birbaşa məsafə təxminən 350–400 km təşkil edir, baxmayaraq ki, real yol məsafəsi xeyli çox ola bilər. Bu, Cənubi Qafqazda Orta Paleolit dövründə neandertallar tərəfindən qurulmuş geniş ticarət və mübadilə şəbəkələrinin mövcud olduğunu ehtimal etməyə əsas verir.

Əldə edilmiş nəticələrə görə, Azərbaycanın Orta Paleolit dövrü ilə əlaqəli iri heyvan ovlayan yüksək mobilliyə malik populyasiyalar böyük məsafələr qət etmiş və onların qarşılıqlı əlaqə dairəsi bütün Cənubi Qafqazı və qonşu Şərqi Anadolu ərazisini əhatə etmişdir. Beləliklə, Cənubi Qafqazda, təxminən 140 000–40 000 il əvvəl Üst Paleolitin əvvəlində müasir insanın meydana çıxmasından əvvəl neandertalların geniş əlaqələrini, çoxsaylı mübadilə şəbəkələrinin mövcudluğunu və obsidian əldə etmək üçün uzaq məsafələrə hərəkətlərini göstərən ilkin sübutları var.

Məqalədə xüsusi olaraq vurğulanır ki, Azıx mağarası da daxil olmaqla, Orta Paleolit dövründə Neandertal insanlarının obsidian tədarük sxemlərini daha dərindən anlamaq üçün əlavə tədqiqatlara ehtiyac var.