28 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunan “Azərbaycan – Koreya elmi əməkdaşlığı” adlı konfrans keçirilib.
Avrasiya Sivilizasiyasının Tədqiqi üzrə Koreya Assosiasiyasının, Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşkilatçılığı ilə keçirilən konfransda Koreyadan təşrif buyurmuş elm xadimləri, arxeoloqlarla yanaşı, Azərbaycan elm xadimləri və digər mötəbər qonaqlar iştirak edirdi.
Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti v.i.e. Arif Həşimov açaraq, Azərbaycan və Koreya Respublikaları arasında diplomatik münasibətlərin keçdiyi böyük inkişaf yolundan, eyni zamanda Azərbaycan-Koreya beynəlxalq arxeoloji ekspedisiyasının uğurlu failiyyətindən bəhs etdi. Akademik qeyd etdi ki, bu il Azərbaycan və Koreya Respublikaları arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur. Dövlətlərimiz arasında ikitərəfli əməkdaşlıq əlaqələri dövlət başçıları, hökumətlər və parlamentlər səviyyəsində böyük inkişaf yolu keçib. Müstəqillik dövrümüzdən başlayaraq Azərbaycanın digər şəhər və rayonlarında olduğu kimi, Qəbələ ətrafında da əsaslı arxeoloji tədqiqatların aparılmasında dövlət qayğısı aydın şəkildə hiss olunur. Dövlətimizin milli irsimizin tədqiqi strategiyasına sadiq olaraq bəzi qeyri hökumət təşkilatları da bu işdə yaxından iştirak edirlər. Buna misal olaraq SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının fəaliyyətini xüsusi vurğulamaq istərdim.
Sonra Koreya Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Li İn Yonq çıxış edərək, Koreya və Azərbaycandan olan ekspertlər və akademiklərin iştirakı ilə belə bir konfransın keçirilməsindən böyük məmnunluq duyduğunu qeyd edərək, konfransın təşkilatçılarına öz təşəkkürünü bildirdi.
Tədbir iştirakçılarını salamlayan AMEA Arxeologiya, Etnoqrafiya və  Antropologiya İnstitutunun baş direktoru t.e.d., professor Abbas Seyidov Qəbələdə müxtəlif illərdə aparılan arxeoloji tədqiqatlardan və onların uğurlu nəticələrindən bəhs etdi. Qəbələdə ilk arxeoloji tədqiqatların təxminən yüz il əvvəl başladığını söyləyən baş direktor bu illər ərzində arxeoloqlardan Davud bəy Şərifov, İshaq Cəfərzadə, Ömər İsmizadə, Saleh Qazıyev, İlyas Babayev, Qara Əhmədov, Firudin Qədirov, Rəhim Vahidov, Qafar Cəbiyev, Natiq Alışov və Ceyhun Eminlinin Qəbələ rayonu ərazisində apardıqları arxeoloji qazıntı işlərinin xronoloji ardıcıllığını qeyd etdi. O, həmçinin bildirdi ki, son illər Azad Zeynalov, Yi Seon Bok və Mansur Mansurov tərəfindən Qəbələ ətrafında Paleolit dövrünə aid izlərin tədqiqi, Nəsib Muxtarov tərəfindən Qalayeri yaşayış məskənində Xalkolit dövrünə aid arxeoloji-xilasetmə işləri, Azərbaycan-Koreya Arxeoloji Ekspedisiyasının Dızaxlı kəndi ərazisində yerləşən tunc dövrü kurqanında apardığı arxeoloji tədqiqatlar Qəbələ rayonu ərazisinin Daş dövründən bu günümüzə qədər davamlı olaraq yaşayış üçün münasib olduğunu göstərir.
Koreyanın Seul Milli Universitetinin professoru cənab Yi Seon-bok çıxışında belə bir tədbirdə salamlama sözləri söyləməkdən şərəf duyduğunu dilə gətirdi. O, Koreyadan olan tədqiqatçılara Qəbələnin Səlbir və digər ərazilərində arxeoloji qazıntı işlərinin aparılması üçün yaradılan imkan və hər cür dəstəyə görə SEBA Assosiasiyasının rəhbərliyinə və əməkdaşlarına öz dərin minnətdarlığını bildirdi.
Tədbirdə çıxış edən tarix elmləri namizədi, SEBA Assosiasiyasının şöbə müdiri İradə  Nəcəfova 2004-cu ildən fəaliyyət göstərən SEBA Assosiasiyasının Azərbaycan-Koreya əlaqələrinin inkişafında elm, ədəbiyyat, təhsil, mədəniyyət, səhiyyə, xeyriyyəçilik və s. istiqamətlərdə apardığı fəaliyyətlərin mühüm rolu olduğunu qeyd etdi.
Konfransın gedişi zamanı Qəbələdə aparılan arxeoloji tədqiqatlar haqqında film nümayiş olundu. Eyni zamanda, konfransın materiallarından ibarət toplu, Qəbələ arxeologiyasina həsr olunmuş disk, SEBA Assosiasiyasının 2005-2015, 2016-2020-ci illərdə gördüyü işlər barədə kataloq da konfrans iştirakçılarına təqdim edildi. Belə elm mübadilələrinin davamlı olması diləyi ilə konfrans işinə Azərbaycandan və Koreyadan olan alim və professorların mühazirələri ilə davam etdi.
Sonda konfrans iştirakçıları ilə xatirə şəkli çəkildi.