18 May – 16 İyun 2025-ci il tarixlərində AMEA Arxeologia və Antropologiya Institutunun Yeni tikinti sahələrinin arxeoloji tədqiqi şöbəsinin əməkdaşı Lola  Hüseynova “Arxeologiya sahəsində keramika artefaktlarının təhlili üzrə praktik təcrübə” layihəsi ilə Türkiyə Respublikası Ankara şəhəri, Hacı Bayram Vəli Universiteti, Gözəl Sənətlər Fakültəsi, Mədəniyyət Varlıqlarının Konservasiyası və Bərpası Bölməsi, “Tarixi Materialların Tədqiqi və Konservasiyası Laboratoriyası” (MAKLAB)-ında təcrübə keçib. Təcrübə proqramına adı çəkilən laboratoriyanın rəhbəri Prof. Alı Akın Akyol başçılıq edib. Qeyd edilən layihə Azərbaycan Elm Fondunun  2025-ci ildə elan edilərək keçirilmiş 14-cü “Mobillik qrantı” müsabiqəsinin (AEF-MOB-14-2025-4(57)) çərçivəsndə gerçəkləşib.

L.Hüseynova Türkiyədəki laboratoriyalarda elmi təcrübədə iştirak etdiyi müddətdə arxeoloji tədqiqatlarda tapılmış keramika üçün tətbiq olunan qabaqcıl material xarakteristikası üsulları, o cümlədən, Petroqrafik analiz, XRF (Rentgen Flüoresens), SEM-EDS (Enerji Dispersiv Spektroskopiya ilə Skan edən Elektron Mikroskopiya) analizləri ilə tanış olmuşdur. Proqram çərçivəsində azərbaycanlı tədqiqatçı arxeologiya və konservasiya üçün elmi əhəmiyyəti vacib olan qədim keramika məmulatının xammal mənşəyinin və istehsal üsullarının təhlili ilə bağlı həm nəzəri, həm praktik nöqteyi-nəzərdən biliklərə yiyələnmişdir.

Tədqiqatçı bir ay müddətində Ankara Hacı Bayram Vəli Universiteti  “Tarixi Materialların Bərpası və Konservasiyası” (MAKLAB), Ankara Yıldırım Beyazıt Universitetinin “SEM-EDX Analiz”,  Ankara Universiteti Yer Elmləri Tətbiq və Araşdırma Mərkəzi (YEBİM)” və Qazi Universiteti Texnologiya Fakültəsi Ağac emalı Sənaye Mühəndisliyi Bölümünün “Ağac analizləri” kimi laboratoriyalarının iş prinsipi və müasir cihazları ilə tanış olub. Bundan əlavə L. Hüseynova Ankara Hacı Bayram Vəli Universiteti Gözəl Sənətlər Fakültəsi Dekanı Prof. Dr. Mehtap Pazarlıoğlunun və Hacettəpə Universiteti Ədəbiyat Fakültəsi, Antropoloji Bölümü, Fiziki Antropologiya Departamentinin və laboratoriyasının rəhbəri Prof. Dr. Yılmaz Erdalın qəbulunda olmuşdur.