Azərbaycanlı antropoloqlar beynəlxalq konqresdə iştirak etdilər
Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları — Antropologiya şöbəsinin müdiri antropologiya elmləri doktoru, professor Əliağa Məmmədli, Məhkəmə Arxeologiyası şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Akif Quliyev və Məhkəmə Arxeologiyası şöbəsinin elmi işçisi, Ankara Universitetinin doktorantı Arif Quliyev Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində keçirilən III Uluslararası Antropoloji Elmlər Konqresində iştirak ediblər.
Ankara Unversitetində keçirilən konqresdə a.e.d., professor Əliağa Məmmədli “Azərbaycanda yaşayan etnik qruplar arasında əlaqələr sisteminə ümumi baxış”, t.ü.f.d. Akif Quliyev “Azərbaycanda Məhkəmə Arxeologiyası üzrə ilk tədqiqatlar”, Arif Quliyev “II Qarabağ müharibəsindən sonra aparılan Məhkəmə Arxeologiyası və Məhkəmə Antropologiyası üzrə tədqiqatlar” mövzusunda məruzələrlə çıxış etmişdirlər.
Beynəlxalq Elmi Konqresdə Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, İtaliya, Çin Xalq Respublikası, ABŞ, İran İslam Respublikası və Kanadadan olan alimlər iştirak edirdilər. Əcnəbi antropoloqlar Azərbaycandakı polietnik rəngarəngliyin tədqiqatında, skelet qalıqları üzrə əsir və itkin düşmüş azərbaycanlıların identifikasiyasında, qədim tarixin öyrənilməsində azərbaycanlı arxeoloqların və antropoloqların əldə etdikləri mühüm elmi nəticələr barədə azərbaycanlı alimlərin konqresdəki məruzələrini böyük maraqla qarşıladılar.

English












