Baş direktor Qədim Qəbələ şəhərinin Səlbir və Qala ərazilərində olub
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, t.e.d. professor Abbas Seyidov iyun ayının 27-də Qədim Qəbələ şəhərinin Səlbir və Qala ərazilərində olub. Səfər zamanı o, şəhərin Səlbir ərazisində Azərbaycan arxeoloqlarının, həmçinin Azərbaycan-Koreya Beynəlxalq arxeoloji ekspedisiyasının 2009-2019-cu illər ərzində Antik və orta əsrlər dövrünə aid aşkara çıxardıqları tikili qalıqları, müdafiə divarları, istehsalat və məişət qurğuları, qəbirlər, şəhərin su təchizatı sistemi ilə yerində tanış olub.
Antik və İlk orta əsrlər Qəbələ arxeoloji ekspedisiyasının rəhbəri, t.ü.f.d., dosent Ceyhun Eminli və Azərbaycan-Koreya Beynəlxalq arxeoloji ekspedisiyasının Koreya heyətinin rəhbəri professor Kim Jonq İl Səlbir ərazisində aparılan tədqiqatlar haqqında geniş məlumatlar verib və gələcəkdə nəzərdə tutulan tədqiqatlar barədə fikir mübadiləsi aparıblar. Qeyd edək ki, 2009-2019-cu illər ərzində Səlbir ərazisində 5000 m2-dən artıq ərazidə arxeoloji tədqiqatlar aparılmış və 2000 m2-dən artıq ərazi konservasiya edilmişdir.
Abbas Seyidov arxeoloji araşdırmaların nəticələrini müsbət qiymətləndirib və gələcəkdə də Səlbir ərazisində tədqiqatların miqyasının genişləndiriləcəyini vurğulayaraq, görüləcək işlərə institut tərəfindən hər cür dəstəyin veriləcəyini qeyd edib.
Qədim Qəbələ şəhərinin Çaqqallı, Səlbir və Qala, həmçinin ətrafda olan Kamal təpəsi, Şəhidlər qəbirstanlığı, Bayır şəhər kimi digər arxeoloji sahələr də daxil olmaqla, ümumilikdə 430 ha-dan artıq ərazi keçən əsrin 70-ci illərində qoruq ərazi kimi qeydə alınıb. Hal-hazırda da Qəbələ Dövlət Tarix-Bədii Qoruğu nəzdində dövlət tərəfindən mühafizə olunur.

















