AMEA Arxeologiya və Antropologiya İnstitutunun təşəbbüsü və təşkilatçılığı ilə yaradılmış və Azıx mağarasında tədqiqatlar aparan Beynəlxalq Arxeoloji ekspedisiyanın elmi heyəti 2023-cü ildə başladıqları tədqiqatları davam etdirmək üçün yenidən Azərbaycana gəlmişlər. Azərbaycan tərəfindən İnstitutun aparıcı elmi işçisi, t.ü.f.d. Azad Zeynalovun həmrəhbərliyi ilə fəaliyyət göstərən arxeoloji ekspedisiyanın tərkibinə Danimarka, Norveç və Almaniyadan olan alimlər daxildirlər.
AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru t.ü.f.d., dosent Fərhad Quliyev Azıx mağarasında tədqiqatlar aparan beynəlxalq arxeoloji ekspedisiyanın üzvlərini qəbul etdi. Tədqiqatçıları salamlayan F.Quliyev 2023-cü il Danimarkanın Orhus Universiteti ilə imzaladığı əməkdaşlıq barədə razılaşmanın müddəalarına uyğun olaraq birgə tədqiqatların nəticələrindən məmnunluğunu və bu əməkdaşlığın daha yeni elmi uğurlar gətirəcəyinə inamını bildirdi. İnstitut direktoru həmçinin qeyd etmişdir ki, işğal dövründə Azıx mağarasında və bir sıra digər abidələrdə işğalçılar tərəfindən qeyri-qanuni tədqiqatlar aparılmışdır. Bu tədqiqatlar beynəlxalq və respublika qanunlarının ciddi pozuntusu idi. “Hal-hazırda isə, artıq sizin iştirakınız ilə azad edilmiş ərazilərdə hüquqi və etik normalara tam uyğun beynəlxalq tədqiqatlar aparılmaqdadır” – deyə İnstitutun direktoru bildirdi. Fərhad Quliyev vurğuladı ki, hal-hazırda Arxeologiya və Antropologiya İnstitutu yeni bir dönəmini yaşamaqdadır və əsas məqsəd – dünya elminin çağırışlarına cavab verəcək yeni bir İnstitutun qurulmasıdır. Sözsüz ki, aparılan bu islahatlar İnstitut qarşısında müxtəlif çeşidli arxeometrik tədqiqatların intensivləşməsini tələb etməkdədir.
Elmi ekspedisiyanın Danimarka tərəfindən həmrəhbəri olan Orhus Universitetinin (Aarhus University) Geologiya elmləri departamentinin Professoru Mads Faurschou Knudsen Azərbaycanda birgə arxeoloji tədqiqatda iştirak etməsini böyük uğur kimi qiymətləndirdi. Belə ki, Azıx mağarası qədim insanın Afrikadan dünyaya yayılması kimi elm qarşısında duran mühüm mövzunun araşdırılmasında bir sıra problemlərə yetərincə işıq sala biləcək abidədir. Professor M.F.Knudsen bildirdi ki, onun təmsil etdiyi Orhus Universiteti dünyanın yüksək reytinqli ilk 100 təhsil və elmi tədqiq ocaqlarından biridir, Azərbaycan arxeologiyasında arxeometrik tədqiqatların aparılması və aidiyyatı elmi-tədqiqat sahələri üzrə mütəxəssislərin hazırlanması istiqamətində əməkdaşlığa hazırdır.
Daha sonra beynəlxalq arxeoloji ekspedisiyanın üzvləri – kosmogen nukleid, radiokarbon və lüminisens tarixlənmə, rentgen flüoresent, biomarkerlər, geoarxeologiya, rəqəmsal stratiqrafiya, mikromorfologiya, mass-spektrometrik zooarxeologiya (ZooMS) analizləri üzrə mütəxəssislər öz tədqiqat sahələri barədə məlumat verdilər.
Qeyd edək ki, Beynəlxalq arxeoloji ekspedisiyanın elmi heyətinə Orhus Universitetinin (Aarhus University) Geologiya elmləri departamentinin Professoru Andrew Sean Murray, dosent xanım Rachel Lupien, Radiokarbon analizi laboratoriyasının rəhbəri, Professor Jesper Olsen, Danimarka Texniki Universitetinin (DTU) Optik Stimullaşdırılan Lüministsen (OSL) tarixlənmə laboratoriyasının rəhbəri Jan-Pieter Buylaert, Kopenhaqen Universitetinin Palaeoproteomiks analiz laboratoriyasının rəhbəri, dosent Frido Welker və Norveçin Oslo Universitetinin Professoru arxeoloq David Keith Wright, daxildirlər. Azərbaycan tərəfindən ekspedisiyanın rəhbəri AMEA Arxeologiya və Antropologiya İnstitutun aparıcı elmi işçisi, t.ü.f.d. Azad Zeynalov, İnstitutun Elmi katibi, t.ü.f.d., dosent Ellada Bəkirova, aparıcı elmi işçi, t.ü.f.d. Pərviz Qasımov, aparıcı elmi işçi, t.ü.f.d. Yaqub Məmmədov, elmi işçi Ülviyyə Səfərova və İnstitutun “Beynəlxalq əlaqələr” şöbəsinin əməkdaşı Elmar Fərəcov da görüşdə iştirak etmişlər.





