Beynəlxalq simpoziumda Qobustan qayaüstü rəsmlərinin tədqiqində texnoloji yeniliklər təqdim edildi
23-24 May tarixlərində Rusiya Federasiyasının (RF) Başqırdıstan Muxtar Respublikasında yerləşən “Şulqan-Taş mağarası” Tarix-Mədəniyyət Muzey-Qoruğu və Rusiya Elmlər Akademiyasının Arxeologiya İnstitutunun Paleoİncəsənət Mərkəzi tərəfindən, respublikanın YUNESKO üzrə Komitəsi və Qayaüstü incəsənət abidələrinin tədqiqi və qorunması üzrə İKOMOS-un Müvəqqəti Elmi Komitəsinin iştirakı ilə “Qayaüstü incəsənət dünya mədəni irsi kontekstində” adlı Beynəlxalq Simpozium təşkil olunub. Simpozium qayaüstü rəsmlərin lazer skanerindən istifadə edərək sənədləşdirilməsinin təşəbbüskarı, məşhur rusiyalı arxeoloq Yekaterina Devletin anadan olmasının 60 illiyinə həsr olunmuşfu.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun dissertantı Turan Eldarov “Daşdan piksellərə: Fotoqrammetriya Qobustanda yeni kəşflərin açarı kimi ” adlı təqdimatla çıxış edib. Təqdimat çox maraqla qarşılanıb. Turan Eldarov tərəfindən Qobustan Qoruğu ərazisində aşkar edilmiş onlarla yeni, Mezolit və Neolit dövrü təsvirlərinin dünya əhəmiyyəti vurğulanıb. Tədbirdə Rusiya, Monqolustan, Çin, Hindistan və Kubanı təmsil edən mədəni irs obyektlərinin mühafizəsi üzrə dövlət qurumlarının nümayəndələri, ixtisaslaşmış təşkilatların rəhbərləri və elmi əməkdaşları, qayaüstü incəsənət tədqiqatçıları, abidələrin muzeyləşdirilməsi sahəsində mütəxəssislər iştirak ediblər.
Konfrans çərçivəsində Turan Eldarovun da daxil olduğu xüsusi qrup 4 saata yaxın müddət ərzində Rusiyanın ən böyük mağarası olan Kapova mağarasının turistlərin ziyarəti üçün qapalı olan hissəsində qədim qayaüstü təsvirlərin monitorinqini həyata keçirmişdirlər. Konfransın son günü başqırd xalqının mədəni irsini əks etdirən mədəni proqramla yekunlaşmışdır.

English





