Abidə Cəlilabad şəhərinin mərkəzindən 22 km, Üçtəpə kəndindən 3  km,  Biləsuvar-Cəlilabad yolundan 19 km, Cəfərxanlı kəndinin Cəlilabad şəhərinə gedən yolunun  düz qırağında, kənd qəbristanlığının yaxınlığında yerləşir. Abidəyə həm Cəfərxanlı kəndinin içərisindən, həm də Cəlilabad şəhəri tərəfdən yol vardır. Paşatəpə yaşayış məskəninin yerləşdiyi təpə oval formalı olub, abidənin ərazisi 1 ha-dan çox, hündürlüyü isə əvvəllər 9 m-ə yaxın olmuşdur. Abidənin iki tərəfi yol qırağına düşür. Bir tərəfində isə yaşayış evləri tikilmiş, bağlar salınmışdır. 1990-cı illərdə baş verən anarxiyadan istifadə edərək bu təpənin üzəri qazılaraq ev inşa etməyə çalışmışlar. Lakin çoxlu insan sümüklərinin çıxdığını görüb tikintini saxlayıblar. Bu səbəbdən də abidənin üst hissəsi dağıdılmış, oradan çıxan torpaq isə traktorla sürülərək təpənin aşağı ətəklərinə tökülmüşdür.

      Abidədə  ilk dəfə 2022-ci ildən başlayaraq t.e.d., professor V.Mahmudova qazıntılar aparır. Bu sahədə böyük bir neolit kəndinin qalıqlarının olduğu meydana çıxdı. Hələlik geniş bir 4,80x7x3m ölçüdə məhəllə, ətrafında isə 2,35x 1,7 m, 3×1,5m, 1,20×2,20 m olan evlər qeydə alındı.

      Məhəllənin kənarında isə dini ayinlərin icra olunduğu ehtimal edilən bir hissə aşkara çıxarıldı. Bu 2,65x 5m olan sahənin döşəməsi gillə suvanmış, yuxarı hissəsində 0,5 sm diametri olan bir kiçik, ortasında isə 0,80 diametri olan ikinci bir böyük dairəvi yer düzəldillmiş, orta hissədə hansısa bir mayenin axıb fırlanması üçün iki cərgə kiçik şırnaq çəkilmişdir.

      Abidədən iki dulus kürəsi aşkara çıxarılmışdır.Üçüncü inşaat qatından qeydə alınan birinci dulus kürəsinin yanma kamerasını və odunluğu da qeydə alınmışdır. Məlumdur ki, Muğanın Əliköməktəpə abidəsindən belə bir dulus kürəsi qeydə alınmışdır. Lakin xronoloji cəhətdən Paşatəpənin dulus kürəsinin Qafqazda ən qədim və neolit abidələri içərisində yeganə olduğunu deyə bilərik.

       Aparılan üçillik tədqiqatın nəticəsində Paşatəpədən dörd inşaat qatı qeydə alınmışdır. Abidənin birinci inşaat qatından 9 kameralı bir dulus kürəsi, 4 qəbir, ikinci inşaat qatından ocaq yeri, evin döşəməsi, biri qoşa dəfnetmə olmaqla 8 qəbir, üçüncü inşaat qatından yenə bir dulus kürəsinin qalıqları, dördüncü inşaat qatından isə çiy kərpic evlərin qalıqları, dini ayin yeri, iki tam açılmamış qəbir aşkara çıxarılmışdır.

T.e.d., professor  V.Mahmudova