Elm və təhsilin vəhdəti: Qarabağ Universiteti ilə Arxeologiya və Antropologiya İnstitutunun memorandumu
16 yanvar 2025-ci il tarixində AMEA Arxeologiya və Antropologiya İnstitutu ilə Qarabağ Universiteti arasında elmi tədqiqat və təhsil sahəsi üzrə əməkdaşlıq barədə anlaşma memorandumu imzalandı.
Qarabağ Universitetinin rektoru Şahin Bayramovu salamlayan AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev bildirdi ki, işğaldan azad edilmiş Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması xalqımızın gerçəkləşən arzusudur. “Bu xoşbəxtliyə isə, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi və Şanlı Azərbaycan Ordusunun misilsiz qəhramanlığı sayəsində qovuşduq” – deyə Fərhad Quliyev xüsusi olaraq qeyd etdi.
Fərhad Quliyev rəhbərlik etdiyi İnstitutun son üç ildə işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda gerçəkləşdirdiyi tədqiqatlardan söz açaraq abidələrin monitorinqi, Ağdam, Füzuli, Cəbrayıl, Xocalı və Şuşada xalqımızın maddi irsinin arxeoloji qazıntılarla tədqiqindən danışdı. Həmçinin, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının xətti ilə aparılmış araşdırmaların mahiyyəti barədə məlumat verdi. “Bu gün “Birinci Qayıdış proqramı” üzrə Qarabağda gedən tikinti və bərpa işləri çərçivəsində, İnstitutun qarşısında duran əsas vəzifə – Qarabağın maddi irsinin öyrənilməsi, dövlətçilik atributlarını daşıyan tarixi abidələrin tədqiqidir. Biz hesab edirik ki, bu məsuliyyətli işin, yəni, aparılan tədqiqatların mərkəzində, digər ali təhsil ocaqlarından fərqli olaraq, özündə həm təhsili və həm də elmi tədqiqatı birləşdirən Qarabağ Universiteti olacaq. Çünki Qarabağ Universiteti yaradılarkən onun qarşısında bu gözləntilərə cavab vermək kimi mühüm hədəf qoyulmuşdur. ” – deyə Fərhad Quliyev bildirdi.
“Qarabağ ərazisində müştərək beynəlxalq arxeoloji tədqiqatlara, arxeoloji yay məktəblərinə Qarabağ Universitetinin tələbələrinin cəlb edilməsi bizim əməkdaşlığımıza ilk töhfə ola bilər” – deyə Fərhad Quliyev vurğuladı.
Səmimi qəbula görə təşəkkürünü bildirən Şahin Bayramov xüsusi olaraq vurğuladı ki, təməli Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyev tərəfindən qoyulan Qarabağ Universiteti böyük hədəflərə iddialıdır. Çünki Qarabağ Universiteti fərqli bir universitetdir. “Biz öz üzərimizə düşən məsuliyyəti dərk edirik, çünki İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Qarabağ Universitetinin Xankəndi kimi işğaldan azad edilmiş əzəli Azərbaycan şəhərində yaradılması həm xalqımızın və həm də dövlətimizin beynəlxalq aləmə dərin məna daşıyan bir mesajı idi. Bu hədəflərə çatmaq üçün xalqımız və dövlətimiz tərəfindən böyük dəstək vardır və bu iddiaları gerçəkləşdirməkdə tərəfdaşlarla birgə əməkdaşlığımızdan gözləntilərimiz çoxdur. AMEA Arxeologiya və Antropologiya İnstitutu Qarabağ Universitetinin elm və elmi tədqiqat sahəsində əməkdaşlıq barədə sənəd imzalayacağı ilk elmi müəssisədir” – deyə Şahin Bayramov bildirdi.
Daha sonra Şahin Bayramov Qarabağ Universitetinin yaradılması prosesindən, qısa zamanda əldə edilmiş uğurlardan söz açdı. “Dövlət başçımız Qarabağ Universitetinin açılış mərasimindəki çıxışında Universitetin yaradılmasını böyük bir tarixi hadisə kimi dəyərləndirdi və bizim qarşımızda duran üç əsas hədəfi göstərdi: 1) Universitetin təhsil və tədris prinsipləri müasir dünya standartlarına cavab verməlidir; 2) Universitet ciddi tədqiqat müəssisəsi olmalıdır və nəhayət, üçüncüsü, Qarabağ Universiteti innovasiyalar mərkəzinə çevrilməlidir. Prezidentimizin uzaqgörən siyasəti nəticəsində Qarabağ Universiteti işğaldan ziyan çəkmiş bölgələrəmizin çox tez bir zamanda demoqrafik, iqtisadi və mədəni dirçəlməsi və respublikamızın iqtisadi və mədəni mühitinə sürətli reinteqrasiyası baxımından mühüm faktorlardan birinə çevrilməkdədir”. Universitet hal-hazırda həm respublika daxilindəki elm və təhsil ocaqları, həmçinin, beynəlxalq müstəvidə dünyanın və o cümlədən, Türk Dünyasının ali təhsil məktəbləri ilə əməkdaşlığı planlaşdırır.
Tərəflər qarşılıqlı əməkdaşlıq sahəsində 2025-ci ildə atılacaq ilk addımları, AMEA Arxeologiya və Antropologiya İnstitutu nəzdində yaradılmış Traseoloji və eksperimental arxeoloji laboratoriyanın müştərək istifadəsinin hüquqi bazasının yaradılması, beynəlxalq arxeoloji ekspedisiyalarda tələbələrin iştirakı, tələbələrin arxeologiya və antropologiya ixtisası üzrə xarici tərəfdaşların təklif etdiyi təhsil layihələrində təmsil olunması və d. məsələləri müzakirə etdilər.
Daha sonra AMEA Arxeologiya və Antropologiya İnstitutu ilə Qarabağ Universiteti arasında əməkdaşlıq üzrə memorandum imzalandı. Tərəflər bir-birinə elmi ədəbiyyat nümunələri hədiyyə etdilər.





