Xəzər Universitetində AMEA Arxeologiya və Antropologiya İnstitunun aparıcı elmi işçisi, t.ü.f.d., arxeoloq Pərviz Qasımovun “Tarix və arxeologiyada Etrusk problemi” adlı mühazirəsi dinlənildi.
Mühazirəçi Roma (latın) sivilizasiyasının formalaşmasında yunanlardan heç də geri qalmayan etrusk mədəni təsirinin oynadığı mühüm roldan söz açdı, tarixi Etruriyanın şəhər-dövlətlərinin siyasi-ictimai quruluşu, iqtisadi modeli, texniki, memarlıq, elmi nailiyyətləri, təsviri incəsənəti, ənənələri, dini görüşləri barədə məlumat verdi.
Mühazirədə etruskların etnogenezi barədə tarixi və müasir konsepsiyaları məsələsinə xüsusi olaraq toxunuldu. Aparılmış son arxeoloji və arxeogenetik tədqiqatların nəticələri açıqlandı. Bildirildi ki, arxeoloji tədqiqatların yekunlarına görə, etrusklar Cənubi Avropanın və həmçinin, Apennin yarımadasının Neolit dövrü mədəniyyətlərinin genetik davamı idi. Etrusk mədəniyyəti, yunan mədəniyyəti kimi Aralıq dənizi mədəniyyətləri (Anadolu, Levant, Qədim Misir, Krit-Miken) arasında dayanmadan qarşılıqlı təsir nəticəsində formalaşmışdı. Etruskların antropoloji tipləri ilə təsvirlərdə (gil heykəlləri, freskalarda və qab üzəri naxışlarında) əksini tapmış şərqli (qaraşınlıq, badam gözlü) tip arasında fərq, dövrün təsviri üslub tələbləri ilə izah edilir.
2004-cü və 2021-ci ildə aparılmış paleogenetik araşdırmalar biri digərinə zidd nəticələr vermişdir. Belə ki, 2004-cü ildə nəticələri açıqlanmış arxeogenetik tədqiqar etruskların etnogenezində Anadoludan gəlmə əhalinin geniş iştirakını göstərmişdir. Bu isə, etruskların Şərq mənşəli olması barədə klassik və müasir bir neçə konsepsiyanı dolayısı ilə təsdiq edirdi. Lakin bəzi avropalı arxeogenetiklərinin bir qismi bu tədqiqatı səriştəsizlikdə ittiham etmişlər.
2021-ci ildə aparılmış arxeogenetik tədqiqatların nəticələrinə görə, etrusklar avtoxton əhali olmuşlar. Lakin Orta Tuncun son mərhələsində Cənubi Rusiya və Şərqi Avropa çöllərindən gələn köçəri maldar əhalini öz tərkiblərinə alaraq assimilə etmişlər.
Etruskların dili aqqlütinativ olsa da, tam deşifrə edilməyib. Avropa akademik elmində arxeoloji və arxeogenetik tədqiqatların nəticələrini nəzərə alaraq belə ehtimal edilir ki, etrusk dili itmiş hər hansı paleo-Bask və ya paleo-Qafqaz dillərindən biri olub.
Etrusk dilini itmiş bir türk dili və ya bu dilin formalaşmasında hər hansı bir prototürk dilinin iştirak etməsi barədə ehtimallar Qərb və Rusiya akademik elmi tərəfindən qəbul edilmir. Çünki konvensial Altay/Transavrasiya dilləri nəzəriyyəsinə görə, türk dilləri yalnız e.ə. II əsrdə (Rusiya türkoloji məktəbi) hunnuların qərbə axını ilə yayılmışlar. Almaniya və ABŞ türkoloji məktəblərinə görə, türk dilləri daha gec, eramızın IV-VI əsrlərində Altaydan qərbə doğru hərəkət ediblər. Nəzəriyyəyə görə, Altaylardan qərbə doğru ərazilərdə göstərilən tarixlərdən öncə türkdilli populyasiyalar mövcud deyildilər. Onların bu konsepsiyalarına rusiyalı və avropalı arxeogenetiklər də dəstək vermişlər.
Maraqla qarşılanan mühazirənin sonunda geniş diskussiya aparılmışdır.





