Fərhad Quliyev: Cənab Prezidentin qarşımıza qoyduğu vəzifələrin, çağırışların icrası istiqamətində var gücümüzlə çalışacağıq
AMEA-nın Rəyasət Heyətində “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AMEA-nın 80 illik yubiley yığıncağındakı nitqində Azərbaycan tarixi ilə əlaqədar qarşıya qoyduğu tələblər və AMEA-nın vəzifələri” mövzusunda 7 noyabr tarixində keçirilən yığıncaqda AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev “Prezident İlham Əliyevin nitqi: Arxeoloji və antropoloji tədqiqatlarda yeni yol xəritəsi” mövzusunda məruzə edib.
İnstitut direktoru işğaldan azad olunmuş ərazilərdə, Qarabag və Şərqi Zəngəzurda son üç ildə arxeoloji tədqiqat işlərinin bərpasından və tədqiqatların ilk nəticələrindən danışdı. O, qeyd etdi ki, cənab Prezidentin nitqində erməni işğalçları tərəfindən Qarabağda və Şərqi Zəngəzurda Azərbaycan xalqının tarixi keçmişini bilərəkdən təhrif etmək istiqamətində cəhdlər mövzusu xüsusi olaraq vurğulandı. Belə ki, Arxeologiya və Antropologiya İnstitutunun arxeoloji ekspedisiyalarının fəaliyyəti nəticəsində işğaldan azad edilmiş ərazilərdə tariximizə qarşı yönəlmiş bütün təhriflər qeydə alınmış, dağıldılmış türk-islam mədəniyyətinə aid olan tarixi qəbiristanlıqlarda arxeoloji tədqiqatlar aparılmışdır. “Bunun nəticəsi olaraq Prezident İlham Əliyevin təşəbbüsü ilə Qarabağ xanlarına aid qəbirstanlıq tərəfimizdən tədqiq olunmuş, 100-dən çox qəbir üzə çıxarılaraq bərpa edilmişdir. Nəticədə, İmarət kompleksi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən bərpa edilmiş və Prezident İlham Əliyev Sərəncamı ilə “İmarət” Tarix-Memarlıq Muzey Kompleksi yaradılmışdır” –F.Quliyev çıxışına dava edərək bildirdi. “Həmçinin, eyni istiqamətli tədqiqatlar Xocalı nekropolunda aparılır. Xocalının tarixi qəbiristanlığının tədqiqatları və XIV əsrə aid olması ehtimal olunan türbənin bərpası yaxın gələcəkdə həyata keçiriləcəkdir. Qarabağın və Şərgi Zəngəzurun Alban maddi irsi İnstitutumuzun təşkil edilmiş ekspedisiyaları tərəfindən öyrənilməyə başlanılıb. Tədqiqat işləri davam edir və yaxın gələcəkdə arxeoloji qazıntı işlərinin genişləndirilməsi nəzərdə tutulmuşdur. Arxeologiya və Antropologiya İnstitutunun 2026-2030-cu illərdə fəaliyyətinə dair yeni planda prioritet istiqamətlər başlıca vəzifə olaraq müəyyənləşdirilib. Cənab Prezidentin qarşımıza qoyduğu vəzifələrin, çağırışların icrası istiqamətində var gücümüzlə çalışacağıq” – deyə F.Quliyev çıxışında bildirdi.








